“Övladlarımızın qanı, Ali Baş Komandanımızın göstərdiyi güc bahasına alınan torpaqlarımıza görə çox xoşbəxtəm. Şükürlər olsun ki, Qarabağımız artıq bizimdir. Mənim üçün Azərbaycan bölünməzdir. 27 il mən də qarabağlılar kimi bu həsrəti, acını yaşamışam. Hər bayramda soruşurdular ki, arzunuz nədir? Deyirdim, torpaqlarımız düşmən tapdağından geri qayıtsın. Eyni zamanda türk qardaşlarımıza təşəkkür edirəm. Nə yaxşı biz bir olduq, qardaşlar birləşdi. Bir olan yumruğu heç kim əyə bilməz”.
Bu sözləri açıqlamasında Xalq artisti Nazpəri Dostəliyeva deyib
Dostəliyeva son günlər sosial şəbəkədə yayılan videoya da münasibətini bildirib. Müğənni qeyd edib ki, erməni evindən fotosunun çıxması onu təəccübləndirməyib:
“Xoşbəxtəm ki, Azərbaycan sənətini bütün dünyada sevdirirəm. Mənim üçün qeyri-adi deyildi. Almaniyada tanımadığım almanların evində Rəşid Behbudovun plastinkasını, öz kasetimi görəndə təəccüblənmişdim. İsraildə avtobusda gedərkən Natali şəhərində kliplərimin yayımlandığını görmüşəm: “Nə olar Allahım ayırma bizi”, “Mənim göz yaşımı görməyəcəksən”. Dilimizi bilməyən insanlardır orada. Əlbəttə, musiqinin dili yoxdur. Amma bunları çox görmüşəm.
Orada çıxan şəklimə elə də əhəmiyyət vermirəm. Yəqin evdə tək fotom yox, mahnılarım da olub. Özüm haqqında böyük danışmağı sevmirəm, hər zaman gördüyüm işlər müzakirə edilib. Buna məncə heç kim pis rəy verməz. Üç gündür telefon zənglərinə cavab vermirəm, özüm haqda danışmaq istəmirdim. Mən pafosla danışan biri deyiləm. Yalnız onu deyim ki, deməli, Azərbaycan musiqisini layiqincə təmsil edib, sevdirə bilmişəm”.