Nazirlikdən kanalizasiya açıqlaması: “Qurğular tələblərə cavab vermir”

0
293

“Bu gün Bakı şəhəri üzrə tullantı sularının idarə olunmasında müəyyən çətinliklər mövcuddur”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib.

Onun sözlərinə görə, Bakı şəhəri üzrə kanalizasiya şəbəkəsi şəhərin mərkəz hissəsini əhatə edir, ətraf rayonlarda isə mərkəzləşdirilmiş şəbəkə yoxdur:

“Eyni zamanda, mövcud təmizləyici qurğular da ekoloji tələblərə cavab vermir, başqa sözlə, bu sulardan müvafiq yaşıllıqların suvarılmasında birbaşa istifadə etmək mümkün deyil”.

Agentlik rəsmisi qeyd edib ki, bütün qeyd olunanlar tullantı sularının idarə olunmasında ekoloji tarazlığın pozulmasına səbəb olur.

“Sabunçu, Xəzər, Binəqədi, Qaradağ rayonlarında kanalizasiya şəbəkəsinin olmaması ətraf mühitin çirkləndirməsi ilə yanaşı, istifadəsi mümkün olmayan ərazilərin formalaşmasına gətirib çıxarır.

Bunları nəzərə alaraq layihələrin qiymətləndirilməsində tullantı sularının idarə olunmasına diqqət yetirilir ki, nəticədə bu tullantı sular ətraf mühiti çirkləndirməsin, əksinə təmizlənərək onlardan təkrar istifadə təmin olunsun”.