Nazirlikdən dünya şöhrətli fransalı məşhurların erməni separatizminə dəstəyinə SƏRT REAKSİYA

0
365

Fransanın tanınmış bir qrup mədəniyyət xadimi (rejissor, yazıçı, aktyor, musiqiçi, jurnalist, müğənni) Qarabağdakı erməni separatçılığını açıq şəkildə dəstəkləyən, yalan və böhtan üzərində hazırlanmış müraciəti imzalayıblar. Bu barədə Fransanın “Le Figaro” nəşrində məlumat yayımlanıb”.

Bu barədə Mədəniyyət Nazirliyinin məsələ ilə bağlı yayımladığı məlumatda deyilir.

Bildirilib ki, müraciət ermənilərlə həmrəyliyi, onların Qarabağdakı taleyi üçün narahatlığı, qondarma “1915-ci il soyqırımı”nın təkrarlanmasını, erməni separatçılığına dəstəyi, ümumiyyətlə, Azərbaycanın məkrli planlarının olmasını nümayiş etdirir:

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bildirir ki, otuz ilə yaxın müddətdə Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini icra etməyərək Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərini, Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu qanunsuz olaraq işğal altında saxlayıb.

Uzun illər davam etmiş işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində həmin ərazilərdə Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb.

İşğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, dörd rəsm qalereyası, dörd teatr müəssisəsi, iki konsert müəssisəsi, səkkiz mədəniyyət və istirahət parkı, 2000-dən artıq tarix və mədəniyyət abidəsi bu vandalizminin qurbanına çevrilib.

Mədəni irsə, o cümlədən, xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət dünya irsinə qarşı yönəlmiş təhdid kimi dəyərləndirilməlidir.

Müvafiq dəlillərə və faktlara, elmi araşdırmaya və tədqiqata əsaslanmadan dünya ictimaiyyətinə təqdim olunan bu müraciətdə nüfuzlu mədəniyyət xadimlərinin iştirakı, onların erməni təbliğatının alətinə çevrilmələri təəssüf doğurur. Bu qeyri-peşəkar yanaşma həmin şəxslərin imicinə və qərəzsizliyinə kölgə salır.

Diqqətə çatdırırıq ki, UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” 1954-cü il Haaqa Konvensiyası və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyasına üzv dövlət olmasına baxmayaraq, Ermənistanın vaxtilə işğal etdiyi ərazilərdə Azərbaycanın mədəni irsini necə məhv etdiyi, saxtalaşdırdığı və talan etdiyi barədə təkzibedilməz faktlar və dəlillər mövcuddur.

Nazirlik Azərbaycana qarşı törədilən mədəni soyqırımın şahidi olmaq və Azərbaycanın dağıntıya və vandalizmə məruz qalan irsinin hazırki vəziyyətinə real məkanda baxış keçirmək məqsədilə Fransanın tanınmış mədəniyyət və elm xadimlərini işğaldan azad olunmuş ərazilərimizə dəvət edir”.

Qeyd edək ki, Fransanın məşhur “Le Figaro” nəşri Qarabağdakı erməni separatçılığını açıq şəkildə dəstəkləyən, yalan, böhtan və nifrət üzərində hazırlamış müraciəti imzalayan fransız rejissorların, yazıçıların, filosofların, aktyorların, musiqiçilərin, jurnalistlərin, müğənnilərin siyahısını yayımlayıb.

Müraciətin ümumi məğzi ermənilərlə həmrəylik, onların Qarabağdakı taleyi üçün narahatlıq, qondarma “1915-ci il soyqırımı”nın təkrarlanması, erməni separatçılığına dəstək, ümumiyyətlə, Azərbaycan və Türkiyənin məkrli planlarının olmasından ibarətdir.

Müraciət edənlərin siyahısında bütün dünyada məşhur olan Pyer Rişar, Jan Reno, Jülyet Binoş, Jan Düjarden, Alen Delon, Klod Leluş, Klaudiya Kardinale kimi şəxslərin adları var.