Nazirlik rəsmisi: “Müəllimlər bilmədən şagirdləri bullinqlərə məruz qoyurlar”

0
345

“Məktəblərdə hər zaman şagird davranışları ilə bağlı problem olub”.

Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Onun sözlərinə görə, ölkədə 70 minə yaxın sinif komplekti var və bu o deməkdir ki, gündə 350 min dərs keçirilir:

“Ötən ildən məktəblərdə keyfiyyət monitorinqinin aparılmasına başlanılıb, tədrisin keyfiyyəti başlıca amil olub. 10 mindən artıq valideyn və şagird arasında anonim sorğu keçirilib. Təhlil nəticəsində müəyyən olunub ki, məktəblərdə şagirdlərin davranış qaydaları təkmilləşdirilməlidir”.

O qeyd edib ki, şagird davranışları ilə bağlı yeni qaydalarla məktəblərdə bu məsələləri idarə etmək mümkün olacaq:

“Məktəb rəhbərliyinin daxildə nizam-intizamı idarə etmək birinci məsuliyyətidir. Nazirlik olaraq qaydaların tənzimlənməsi ilə bağlı qaydaları yeniləyirik”.

E.Əliyev əlavə edib ki, bəzi hallarda gənc müəllimlərin sinfi idarə etməklə bağlı təcrübələri az olur:

“Onlar ötən ilki müəllimlərin işə qəbulu imtahanlarında uğur qazanan müəllimlərdir. Onların təcrübəsizliyi siniflərdə şagird intizamsızlığına gətirib çıxara bilər. Hədəfləmişik ki, bu il yeni işə götürüləcək müəllimlərə yeni tədris ili başlayana qədər sinif idarəetmə təlimləri keçirək.

Bəzi hallarda müşahidə də edirik ki, müəllimlərimiz bilmədən şagirdləri bullinqlərə məruz qoyurlar. Bununla bağlı nazirlik Təhsil İnstitutuna tapşırıq verib ki, bullinqlə bağlı öyrədici materialların tədris resurslarında artırılması istiqamətində işlər aparsın”.