Nazirlik Biləsuvarda aksiya keçirdi: Vətəndaşlara çağırış

0
518

Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Maskadan istifadə et”, “Sosial məsafə gözlə”, “Bir-birimizi qoruyaq!”, “Böyüklərimizi qoruyaq” devizləri ilə sosial maarifləndirmə aksiyaları keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, idarə əməkdaşlarının və könüllülərin iştirakı ilə keçirilən aksiyanın məqsədi vətəndaşları sosial məsuliyyət nümayiş etdirməyə dəvət etmək üçün maarifləndirmə işlərinin daha da genişləndirilməsidir. Eyni zamanda, bu istiqamətdə görülən işlərə könüllü dəstəyi göstərərək COVID-19 virusuna yoluxma riskinin minimuma endirilməsindən ibarətdir.

Könüllülər parklarda və küçələrdə, xüsusilə də qapalı məkanlarda insanlar arasında şifahi şəkildə maarifləndirmə işləri aparıblar. Vətəndaşlara sosial məsafənin qorunması, maskadan istifadənin önəmi barədə məlumat verilib. Onlar vətəndaşları sadə preventiv qaydalara əməl etməklə özlərinin və sevdiklərinin sağlamlığını qorumağa çağırıblar.

Gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətdə onların fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və innovativ potensiallarının üzə çıxarılmasını dəstəkləmək, insanlarla ünsiyyətin formalaşmasını təmin etmək və könüllülük hərəkatını inkişaf etdirmək üçün Biləsuvar Rayon Gənclər və İdman İdarəsi tərəfindən müxtəlif tədbirlər davam etdirilir.