Nazirlər Kabineti rəsmisi: “Karantində verilən qərarların icrasına operativ qərargah nəzarət etmir”

0
613

Son günlər qadağan olunmasına baxmayaraq, ölkədə toy və nişan mərasimlərinin keçirildiyini təsdiq edən foto və videolar yayımlanır.

Operativ qərargahın avqustun 3-də verilən açıqlamasında qeyd olunurdu ki, 31 avqust, saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində qüvvədə olan məhdudiyyətlər sırasında kütləvi tədbirlər də var.

Eyni zamanda, dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimləri, toy məclislərinin təşkili qadağandır. Həmçinin, tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən, bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərə də icazə verilmir.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov açıqlamasında bildirib ki, karantin dövrü ilə bağlı verilən qərarların icrasına operativ qərargah nəzarət etmir:

“Nazirlər Kabinetinin karantinlə bağlı verdiyi qərarların icrasına nəzarət Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Toy, nişan və ad günü mərasimləri ilə bağlı qərar saytımızdadır. Bu məsələ ilə bağlı siz Daxili İşlər Nazirliyinə müraciət edin”.