Nazirlər Kabineti 2019-cu il üçün icmal-hesabat yayıb – Hansı rəqəmləri bilməliyik?

0
500

Nazirlər Kabineti 2019-cu il üçün icmal-hesabat yayıb - Hansı rəqəmləri bilməliyik?

Nazirlər Kabineti 2019-cu ildəki fəaliyyəti ilə bağlı icmal hesabat yayıb.

Hesabat bir illik dövrdə ölkə iqtisadiyyatının müxtəlif sahələrini əhatə edir.
Hansı rəqəmləri bilməliyik?
Demoqrafiya
Hesabatda bildirilir ki, il ərzində ölkə əhalisinin sayı 85,7 min nəfər və ya 0,9% artaraq 2020-ci il yanvar ayının 1-i vəziyyətinə 10067,1 min nəfərə çatıb. Əhalinin 52,8%-ni şəhər, 47,2%-ni kənd sakinləri, 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil etmişdir. 2019-cu ildə daimi yaşamaq üçün Azərbaycana 2042 nəfər gələn və Azərbaycandan 1654 nəfər gedən qeydə alınıb.
 
Əhalinin məşğulluğu
İcmalda qeyd olunur ki, 2020-ci il yanvarın 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 5190,1 min nəfər olmuş, onlardan 4938,5 min nəfərini ya 95,2%-ni məşğul əhali təşkil edib. Hesabat ilində ölkədə işsizliyin səviyyəsi 4,8% təşkil edib.
2020-ci ilin yanvarın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1645,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 914,5 min nəfər, qeyri-dövlət sektorunda isə 730,9 min nəfər təşkil edib. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 81,3 min nəfər təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 276,4 manat olub.
2019-cu il ərzində ölkə əhalisinin nominal gəlirləri 57035 mln. manat təşkil edib, əhalinin hər nəfərinə düşən gəlir orta hesabla 5758.6 manat olub.
Pensiya təminatı
2020-ci il 1 yanvar tarixinə ölkədə 1278,0 min nəfər və ya ölkə əhalisinin 12,8%-i əmək pensiyası alanlardır.
Ünvanlı sosial yardım
2019- cu ilin sonuna Ünvanlı Dövlət Sosial Yardımı alan ailələrin sayı 71,1 min (ailə üzvlərinin sayı 297 min) olub.
Sosial müavinətlər və təqaüdlər 
Hesabat dövrü ərzində müxtəlif növdən olmaqla, ümumilikdə 240,2 min nəfərə təqaüd təyin edilərək ödənilib. 2019-cu ildə 2018-ci illə müqayisədə Ümumi Daxili Məhsul (ÜDM) cari qiymətlərlə 81,7 mln. manat, adambaşına düşən ÜDM 8247,0 manat və ya 4851,2 ABŞ dolları təşkil edib.
İnflyasiya
Sənəddə bildirilir ki, 2019-cu ildə istehlak qiymətləri indeksi 2018-ci ilə nisbətən 2,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,8%, qeyri-ərzaq malları üzrə 1,2%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 2,0%, 2019-cu ildə emal sənayesi məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki illə müqayisədə 106,9%, kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi isə 104,4% təşkil edib.
Valyuta ehtiyatı
Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları hesabat ilində 51 mlrd. dollara çatıb.
Xarici dövlət borcu 2020-ci il 1 yanvar tarixinə ABŞ dolları ekvivalentində 9091,0 mln. manat olub. Adambaşına düşən xarici dövlət borcunun məbləği 903,0 ABŞ dolları təşkil edib.
Büdcə
2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24218,1 mln. manat və ya 104,5%, 2019-cu ildə dövlət büdcəsinin xərcləri 24425,6 mln. manat və ya 97,0% icra edilib.
Vergilər
Vergilər Nazirliyi büdcəyə 7672,3 mln. manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 356,3 mln. manat və ya 4,9% çoxdur. 2019-cu il ərzində neft-qaz sektoru üzrə dövlət büdcəsinə 2240,3 mln. manat vəsaitin daxil olması təmin edilib, həmin məbləğ ümumi daxilolmanın 29,2%-ni təşkil edib. Qeyri-neft sektoru üzrə 4980,0 mln. manat proqnoza qarşı dövlət büdcəsinə 5432,0 mln. manat vəsait daxil olub ki, bu da ümumi daxilolmanın 70,8%-ni təşkil edir.
Gömrük
Dövlət Gömrük Komitəsi 2019-cu ildə büdcəyə 4408,6 mln. manat vəsait ödəyib ki, bu da proqnoza nisbətən 706,6 mln. manat və ya 19,1% çoxdur.
Dövlət Neft Fondu
Dövlət Neft Fondundan dövlət büdcəsinə 11364,3 mln. manat məbləğində transfert edilib.
Dövlət Neft Fondunun vəsaiti 2019-cu ilin 1 yanvar tarixinə 64905,6 mln. manat və yaxud 38515,2 mln. ABŞ dolları təşkil edib. İlin əvvəli ilə müqayisədə Fondun vəsaiti 4808,1 mln. ABŞ dolları və ya 12,5%-ə qədər artaraq 2019-cu ilin sonuna 43323,3 mln. ABŞ dolları təşkil edib.
Maliyyə sektoru
2019-cu ilin sonuna maliyyə sektorunun aktivləri 47,8 mlrd. manat təşkil edib ki, bu da ÜDM-in 58,5%-nə (qeyri-neft ÜDM-in 94,8%-nə) bərabərdir. Kredit təşkilatları cəmi maliyyə sektorunun aktivlərinin 97%-nə (46,3 mlrd. manat) sahibdir.
2019-cu il ərzində müvəkkil banklar tərəfindən 173,8 mln. manat həcmində 2652 (adi kreditlər – 1262 kredit üzrə 93,6 mln. manat, güzəştli kreditlər – 1390 kredit üzrə 80,2 mln. manat) ipoteka krediti verilib.
Həssas əhali qruplarının mənzil şəraitinin yaxşılaşdırılması 
2019-cu ildə əhalinin bu qrupu (şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, gözdən əlillər) 934 mənzil və ya fərdi evlə təmin olunmuşdur. Bu göstərici 2018-ci illə müqayisədə 308 vahid çoxdur.
Məcburi köçkünlərin sosial təminatının gücləndirilməsi 
2019-cu il ərzində Bakı şəhərinin Qaradağ rayonunda “Ümid-2” qəsəbəsində 300, Abşeron rayonu ərazisində 1001, Sumqayıt şəhərində 1005 mənzilli yaşayış komplekslərinə məcburi köçkünlərin köçürülməsi təmin edilib.
Neft-qaz 
2019-cu ildə sənayenin neft-qaz sektorunda ümumilikdə 29,1 mlrd. manat dəyərində 37,5 mln. ton neft, 35,6 mlrd. m³ qaz hasil edilib. Hasil olunmuş neftin 83,1%-i və qazın 84,2%-i neft-qaz sahəsində fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin payına düşmüşdür. 2019-cu ildə ümumilikdə sənaye sektoruna yönəldilmiş sərmayənin 64%-i neft-qaz sektorunun payına düşüb.
Bakı Metropoliteni
2019-cu ildə əvvəlki ilə nisbətdə sərnişin daşınması 236,7 mln. sərnişin təşkil edib. Daşınmış ümumi sərnişinlərdən 6,9 milyonu metro nəqliyyatından güzəştli şərtlərlə istifadə etmişdir. 2019-cu il ərzində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 123,9 mln. manat gəlir əldə edib.
Hava nəqliyyatı 
2019-cu il ərzində “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin beynəlxalq hava limanlarında sərnişin axını 5572,0 min nəfər təşkil etmişdir. Sərnişinlərdən 4760,7 min nəfəri Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportunda beynəlxalq istiqamətlərdə 4126,0 min sərnişinə xidmət göstərilib.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “AZAL” sərnişin aviaşirkəti və “Buta Airways” sərnişin aviaşirkəti (Low cost) tərəfindən 2019-cu ildə uçuş coğrafiyası genişləndirilmiş və nəticədə daşınmış sərnişinlərin sayı 2700,4 min nəfər təşkil edib.
Beynəlxalq reyslərlə daşınan sərnişinlərin sayı 2077,4 min nəfər olmuşdur. Daxili marşrutlar üzrə isə 623,1 min sərnişin daşınıb. 2019-cu ildə “Buta Airways” sərnişin aviaşirkətinin reysləri ilə 2018-ci ilə nisbətən 34,6% çox, yəni 623,8 min sərnişin daşınmışdır və sərnişin oturacaqlarının tutulma faizi ötən ilə nisbətən 3,3% artaraq 90,3% təşkil edilib.
Avtomobil nəqliyyatı 
2019-cu ilin sonuna ölkədəki avtonəqliyyat vasitələrinin sayı 3,5% artaraq 1,4 milyon ədəd olmuş və hər 100 ailəyə düşən şəxsi minik avtomobilinin sayı 54 ədədə çatıb. 2019-cu il ərzində avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri və saxlanılmasına dövlət zəmanəti ilə alınan məqsədli xarici kreditlər də daxil olmaqla 1845,7 mln. manat vəsait yönəldilib.
Bu dövrdə 1376,6 km, o cümlədən 139,8 km respublika, 908,8 km yerli əhəmiyyətli və 328,0 km Bakı və Sumqayıt şəhərlərində yollar yenidən qurulmuş, ümumi istifadədə olan avtomobil yollarında 14 yeni körpü tikilmiş, 17 qəzalı vəziyyətə düşmüş körpü bərpa edilmiş, 13 piyada keçidində təmir işləri aparılıb.
Rabitə 
Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən sabit şəbəkə abunəçilərinin sayı 15-ə, hər 100 ailəyə düşən abunəçilərin sayı 62-yə, hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 105-ə bərabərdir. Əhalinin 80%-i internet, 75%-i isə genişzolaqlı internet istifadəçisidir. Ölkə əhalisinin yaşadığı ərazilərin 99,75%-i açıq paketlə (10-12 TV proqram) rəqəmli televiziya yayımı ilə təmin edilib.
Ticarət 
2019-cu ildə istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 50,7 mlrd. manat olub.
Hesabat ilində istehlak bazarında bir istehlakçı orta hesabla ayda 426,2 manatlıq və ya 2018-ci illə müqayisədə 20,9 manat çox əmtəə almış və ödənişli xidmətlərdən istifadə etmişdir. 2019-cu ildə pərakəndə ticarət dövriyyəsi 39,4 mlrd. manat olub.
Hesabat ilində pərakəndə ticarət şəbəkəsində bir istehlakçı orta hesabla ayda 331,4 manatlıq əmtəə almışdır. 2019-cu ildə ictimai iaşə dövriyyəsi 1655,2 mln. manat olub.
Xarici ticarət 
2019-cu ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 195 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 122 ölkəyə məhsul ixrac olunub, 185 ölkədən idxal olunub.
2019-cu ildə xarici ticarət dövriyyəsi 33138,5 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 19471,3 mln. dollar, idxalın dəyəri 13667,2 mln. dollar təşkil etmiş, nəticədə 5804,1 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.
Hesabat ili ərzində idxalın 50,1%-i avtomobil, 24,2%-i hava, 18,2%-i dəmir yolu, 5,8%-i dəniz nəqliyyatı ilə gətirilib, 1,7%-ni isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.
2019-cu ildə ixracın 88,0%-i boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 6,2%- ni avtomobil, 3,6%-ni dəmir yolu, 1,4%-ni hava, 0,8%-ni dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
2019-cu ildə qeyri neft-qaz məhsullarının ixracı 1954,4 mln. dollara bərabər olmuşdur. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (35,3%), Türkiyəyə (20,6%), İsveçrəyə (9,2%), Gürcüstana (8,1%), Ukraynaya (2,6%), İtaliyaya (2,2%), Çinə (1,9%), Yunanıstana (1,8%), Özbəkistana (1,4%), İrana (1,4%) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Sahibkarlığın inkişafı və investisiya siyasəti 
Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına 2019-cu il ərzində layihələrinin ümumi dəyəri 638 mln. manat olan 1573 sahibkara geri qaytarılan vəsaitlər hesabına 175 mln. manat, o cümlədən 1527 kiçik və orta həcmli layihəyə 40,3 mln. manat güzəştli kredit verilmişdir.
Turizm 
2019-cu ildə Azərbaycan 3,17 mln. ziyarətçi (qonaq, xarici vətəndaş) qəbul edib. Ölkəmizə gələnlərin 29,4%-i Rusiya Federasiyası, 22,9%-i Gürcüstan, 10,0%-i Türkiyə, 8,1%-i İran, 3,4%-i Səudiyyə Ərəbistanı, 2,2%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,1%-i Hindistan, 1,9%-i Ukrayna, hər birindən 1,6% olmaqla Türkmənistan və İraq, hər birindən 1,5% olmaqla Qazaxıstan, Pakistan və İsrail, 1,2%-i Böyük Britaniya, 11,0%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.
2019-cu ildə turizm məqsədi ilə Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkəmizdə 2971,4 mln. manat (və ya 1748 mln. ABŞ dolları) xərclənilib.
Tikinti
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən 2019-cu il ərzində Bakı şəhərində 11,6 hektar ərazidə yerləşən 29 yaşayış binasının, 1 polis məntəqəsinin, 1 uşaq bağçasının, 1 tam orta məktəb binasının və digər infrastruktur obyektlərinin tikintisi başa çatdırılıb. Bakı və Sumqayıt şəhərlərində yerləşən 53 yaşayış binasının və digər sosial və infrastruktur obyektlərinin tikintisi davam etdirilib. Gəncə şəhərində 6,23 hektar ərazidə 18 yaşayış binasının, 1170 yerlik tam orta məktəb binasının və digər infrastruktur obyektlərinin tikintisinə icazə ilə bağlı müvafiq sənədləşdirmə işlərinə başlanılmışdır. Agentliyin sərəncamında olan mənzillər üzrə 5 satış həyata keçirilib və ümumilikdə 1399 mənzil satışa çıxarılıb. Bunlardan 1112 mənzil üzrə müvafiq alqısatqı müqavilələrinin rəsmiləşdirilməsi təmin edilib.
İdman 
2019-cu il ərzində respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkəmizdə 233 respublika yarışları təşkil edilib, 62 beynəlxalq yarış keçirilmiş, 243 beynəlxalq yarışda ölkə yığma komandalarının iştirakı təmin olunub. Olimpiya və qeyri-olimpiya idman növləri üzrə beynəlxalq yarışlarda 271 qızıl, 238 gümüş və 266 bürünc olmaqla ümumilikdə 775 medal əldə edilib.
Ümumi təhsil 
Hesabat ilində daimi əsaslarla və ya müddətli müqavilə əsasında 8874 nəfər müəllim işə qəbul olunmuş, 1305 nəfər müəllimin iş yeri dəyişdirilib. Ümumilikdə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb. Aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5 min nəfər təşkil edib.
2019-cu ildə beynəlxalq olimpiadalarda məktəblilər 21 gümüş, 18 bürünc medal və 6 həvəsləndirici mükafat əldə etmiş, 2013-2019-cu illərdə isə 4 qızıl, 50 gümüş, 126 bürünc, 35 həvəsləndirici mükafat olmaqla, ümumilikdə 180 medal qazanılıb.
Təhlükəsizlik 
Xaricdəki qanunsuz silahlı birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş və terrorçuluq fəaliyyətində şübhəli bilinən 8 nəfər cinayət məsuliyyətinə cəlb edilib, terror təşkilatına mənsub 1 nəfər saxlanılaraq tərəfdar ölkəyə təhvil verilib.
“Təhlükəsiz şəhər” layihəsi çərçivəsində ölkə üzrə 3494 nöqtədə 11019 kamera, Bakı metropoliteni də nəzərə alınmaqla bütövlükdə 3744 nöqtədə 13,2 min kamera quraşdırılaraq istifadəyə verilib. Videomüşahidə vasitələrinin tətbiqi ilə 20,5 min, o cümlədən avtomobil qəzaları ilə bağlı 19,3 min (bunlardan, 386 piyadaların vurulması hadisəsi), ictimai asayişin pozulması ilə əlaqədar 202, yanğınla bağlı 189 və digər hadisələr müəyyən edilib.