Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nazir Sahil Babayevin anasının saxta əlillik yolu ilə pensiya alması ilə bağlı iddialara münasibət bildirib.
Qurumun ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, sosial şəbəkələrin verdiyi imkanlardan öz məkrli xislətinə uyğun istifadə edən, xaricdə oturub ölkəmizə qarşı şərəfsizcəsinə böhtan və qarayaxma kampaniyası aparanlar “fəaliyyətlərini” davam etdirirlər:
“Əmək və əhalinin sosial müdafiəsi nazirinin anası Nailə Babayevanın əlilliyinin guya əsassız olması barədə həqiqətdən və həm də ləyaqət hissindən uzaq paylaşımlar da bunun davamıdır.
Nailə xanım 25 ildir ki, ağır şəkərli diabet – insulin xəstəsi olmaqla, həmçinin, ürəyin xroniki işemik xəstəliyindən əziyyət çəkir.
Ötən dövrdə dəfələrlə ağır ürək əməliyyatları keçirib, ürəyinə altı stend qoyulub, sonradan ürəyində aorta koronar şuntlama əməliyyatı keçirilib. Belə olan halda 2005-ci ildə ona təyin olunan əlilliyin guya 2016-cı ildə təyin edildiyi və əsassız olması barədə məqsədli dezinformasiya yaymaq ləyaqət hissindən uzaqdır”.
“Rüşvətxorluğa və saxtakarlığa görə nazirlikdən uzaqlaşdırılan şəxslərin təşkilatçılığı ilə bu kimi yalan, böhtan tipli məlumatları yayanlar öz ailələrinin içində saxtakar axtarışına çıxsalar, cəmiyyətə daha faydalı olarlar. Çünki onda əsl saxtakarın kim olduğunu biləcəklər”, – deyə o qeyd edib.