Nazir müavini: “Ermənistanın Azərbaycana qarşı ekoloji terrorunun bu gün də davam etməsinin şahidiyik”

0
198

Son günlər Laçın və Xocalı meşələrinə ermənilər tərəfindən od vurulmasını nümayiş etdirən görüntülərdə əks olunanları qətiyyətlə pisləyir və bu hərəkətləri təbiətə qarşı cinayət və ekoloji terror kimi qiymətləndiririk.

Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı ekoloji terrorunun, təəssüf ki, bu gün də davam etməsinin şahidiyik.

“Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilər təkcə xalqımıza qarşı deyil, eyni zamanda təbiətimizə və təbii sərvətlərimizə, bütövlükdə isə bəşəriyyətə qarşı ekoloji terror aktını həyata keçirməkdə davam edirlər. İşğal dövründə Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa meşələrini yandırmaqla kifayətlənməyən ermənilərin, indi də Xocalı və Laçın ərazisindəki meşə ərazilərimizi yandıraraq ətraf mühitə qəsdən zərər vurması, bu ərazilərin onlara məxsus olmadığını göstərməklə bərabər,  təbiətə düşmən münasibətin birbaşa təsdiqidir”.

Nazir müavini bildirib ki, qeyd olunan hadisə tərəfimizdən daha detallı araşdırılacaq və mövcud faktlar beynəlxalq hüquqa müvafiq olaraq qiymətləndiriləcək.