Nazir: “Azərbaycan qızıl hasilatında mühüm nailiyyətlər əldə edib”

0
388

Son illərdə Azərbaycan qızıl hasilatı sahəsində mühüm nailiyyətlər əldə edib.

Bunu “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüşdə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O qeyd edib ki, ölkəmizdə qızıl sənayesinin inkişaf etdirilməsi perspektivlərini müzakirə edərkən problemlərə də nəzər salmalıyıq:

“İqtisadiyyatın şaxələndirilməsinin mühüm hissəsi dağ-mədən sənayesinin inkişafıdır. Regionlarda dağ mədən sənayesində qızıl istehsalı ilə yanaşı, digər qiymətli metalların istehsal potensialı da böyükdür.

Azərbaycanın zərgərlik sahəsində tarixi ənənələri mövcuddur. Biz sıfırdan hər hansı işi başlamırıq. Zərgərlik sənayesinin yüksəldilməsi üçün ciddi dəstək verilməsi vacibdir. Stimullaşdırıcı amillərin artırılması zərgərlik sənayesinin inkişafında əhəmiyyətli ola bilər”.

Nazir sonra bildirib: “Təəssüf ki, sektorda şəffaflığın təmin edilməsi vacib məsələ olaraq qalır. Biz kölgə iqtisadiyyatının bu sahədə azaldılmasına nail olmalıyıq. Güzəştlər o şəxslərə verilir və veriləcək ki, şəffaf fəaliyyət göstərəcəklər. Bu sahədə rəqabət mühitinin olması bizim üçün əsas məqsədlərdən biridir. Zərgərlik sahəsində aparılan təhlillər burada bir sıra çatışmazlıqların olduğunu göstərir”.

M.Cabbarov qeyd edib ki, yerli zərgərlik məhsullarına bazarda o qədər də rast gəlmək mümkün deyil:

“Bu, həm istehlakçıların hüquqlarına, həm də iqtisadiyyatımıza zərbə vuran məqamlardan biridir. Nəticə etibarı ilə qanuna riayət edən uduzur. Bu, ədalətli deyil. Biz bununla birmənalı şəkildə barışmayacağıq. Bazarda şəffaflığın təmin edilməsi dövlətin aidiyyəti strukturlarının üzərinə düşən əsas hədəflərdən biridir. Zərgərlik sahəsində çətinlikləri müəyyən etmək üçün qısa müddət ərzində ixtisaslaşmış assosiasiyanın yaradılması təqdirəlayiqdir”.