Əgər Rusiyanın erməni soyadlı hansısa vətəndaşı Azərbaycana gəlmək istəyirsə, öncədən minimum olaraq bizim səfirliyimizi məlumatlandırmalıdır.Bunu “İzvestiya” qəzetinə müsahibəsində Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov deyib. Jurnalistin Azərbaycanın 2018-ci ilin yayında əslən erməni olan Olqa Barseqyanı ərazisinə buraxmamasıyla bağlı Azərbaycanla Rusiya arasında yaranan diplomatik skandalın həll edilib-edilməməsiylə bağlı sualı cavablandıran Məmmədyarov Azərbaycanda Qarabağ konflikti ilə əlaqədar emosional fonun nəzərə alınması gərəkdiyini bildirib:
“Mən bu konflikti bilmirəm, nəsə xatırlamıram. Erməni əsilli insanlar bu məsələnin bütün həssasiyyətini bilirlər və bəzən bu, piar nöqteyi-nəzərindən edilir. Biz deyirik ki, əgər Rusiyanın Azərbaycana gəlmək istəyən erməni soyadlı hansısa vətəndaşı varsa, o zaman Allah xatirinə, onlar əvvəlcədən minimum olaraq bizim səfirliyi məlumatlandırsınlar. Ona görə ki, bizim Rusiya ilə vizasız rejimimiz var, amma Azərbaycandan mövcud konfliktlə əlaqədar emosional fon nəzərə alasaq, əvvəlcədən alınan informasiya bizə imkan verəcək ki, hansısa ictimai asayiş pozuntularına imkan verməyək. Biz bu mövzuda Rusiya tərəfi ilə hər zaman kifayət qədər açıq danışırıq”.