Naxçıvanda yeni institut yaradılacaq

0
138

Naxçıvan Dövlət Universiteti ilə informasiya texnologiyaları üzrə dünya nəhəngi IBM şirkəti arasında əməkdaşlıq genişlənir.

Şirkətlə imzalanan memoranduma əsasən ali təhsil ocağında Proqramlaşdırma Mühəndisliyi İnstitutu yaradılacaq.

Əməkdaşlığın əsas məqsədi tələbələrə yeni innovativ biliklər öyrətmək, məzunlarını yeni texnoloji çağırışlara hazırlamaqdır. Bu baxımdan yanaşdıqda artıq institut vasitəsilə tələbələr müasir proqram təminatının hazırlanması metodologiyalarını öyrənəcək, müasir texnologiyalarla tanış olacaqlar.

IBM üzrə kordinator Səriyə Qasımova bildirib ki, bu institutun yaradılması həmçinin regionda da mühüm inkişafa təkan verəcək. Belə ki, bu institutun yaradılması Naxçıvanı texnoloji mərkəzə çevirmək potensialını daşıyır. Çünki həm məşğulluq potensialı yaratmaq imkanına malikdir. Belə ki, bu institutun yaradılması ilə NDU-nun məzunları, müəllimlər texnologiya sahəsində, proqram təminatının hazırlanması sahəsində təlimlər verəcək, ixtisaslı kadrlar yetişdirəcəkdir ki, bu da mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, sürətlə inkişaf edən rəqəmsallaşdırma dövründə təhsil və texnologiya sahələrində güclü əməkdaşlıqlar həm şirkətlər, həm də təhsil müəssisələri üçün transformativ təsirlər yaradır. Naxçıvan Dövlət Universitetində IBM institutunun yaradılması istiqamətində təlimlər təşkil edilib və təlimləri başa vuran əməkdaşlara şirkətin sertifikatları təqdim olunub. Proqramlaşdırma Mühəndisliyi İnstitutunun bu ilin sentyabrından fəaliyyətə başlaması nəzərdə tutulub.