Naxçıvanda onlayn media və sosial şəbəkələr mövzusunda beynəlxalq konfrans keçirilib

0
396

Noyabrın 30-da Naxçıvan şəhərində “Onlayn media və sosial şəbəkələr: yeni dövrün çağırışlarında jurnalist peşəkarlığı və cəmiyyətin mənafeləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Naxçıvan Dövlət Universitetinin Media Mərkəzi ilə yaxından tanış olan qonaqlar universitet televiziyasına müsahibə veriblər. Jurnalistika ixtisası üzrə təhsil alan tələbələrlə keçirilən görüşdə müasir dövrdə medianın fəaliyyət istiqamətlərindən ətraflı söhbət açılıb. Çıxış edənlər cəmiyyət həyatında medianın rolundan bəhs edib, dünya ölkələrində mətbuat şuralarının fəaliyyətinin önəmini vurğulayıblar. Sonra tələblərə jurnalistika ilə bağlı kitablar hədiyyə edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən “Onlayn media və sosial şəbəkələr: yeni dövrün çağırışlarında jurnalist peşəkarlığı və cəmiyyətin mənafeləri” mövzusunda beynəlxalq konfransda Naxçıvan mediasının nümayəndələri və gənc jurnalistlərlə yanaşı, Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəhbəri Melek Sule Aker, üzvləri Ali Hancerli, Nurhan Günsev, Nik Nvolisa, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, sədr müavini Umud Rəhimoğlu, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə və Rəşad Məcid, şuranın əməkdaşı Əvəz Rüstəmov iştirak ediblər. Tədbirdə onlayn medianın və sosial şəbəkələrin cəmiyyətə təsir imkanları haqqında ətraflı söhbət açılıb. Çıxışlarda qeyd olunub ki, müasir dövrdə cəmiyyətdə ictimai şüurun və bir sıra məsələlərə beynəlxalq münasibətin formalaşmasında qeyd olunan vasitələrin rolu danılmazdır.
Vurğulanıb ki, bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında kütləvi informasiya vasitələrinin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Ötən illər ərzində medianın inkişafına göstərilən dövlət qayğısı nəticəsində muxtar respublikada peşəkar jurnalist ordusu formalaşıb. Maddi-texniki bazanın gündən-günə daha da gücləndirilməsi kütləvi informasiya vasitələrinin fəaliyyətinin müasir dövrün tələbləri səviyyəsində qurulması üçün geniş imkanlar açıb. Məhz bunun nəticəsidir ki, ötən illərdə Naxçıvan media qurumlarının saytları fəaliyyətə başlayıb və qısa zamanda geniş oxucu və izləyici auditoriyası qazanıb. Bu gün muxtar respublikanın günün tələbləri səviyyəsində yenilənən onlayn mediası həm də sosial şəbəkələr üzərindən geniş təbliğ olunur. Həmin media qurumlarının sosial şəbəkələrdə çoxminlik səhifələrinin yaradılması muxtar respublika barədə dəqiq və qərəzsiz informasiyaların operativ yayılmasını təmin edir. Buna görə də ölkə və dünya ictimaiyyəti Naxçıvan haqqında obyektiv informasiyaları daha rahat əldə edə bilirlər.
Diqqətə çatdırılıb ki, muxtar respublikaya gələn turistlərin sayının ildən-ilə daha da artmasının bir səbəbi burada yaradılan ən müasir infrastruktur, mövcud sabitlik və təhlükəsizlikdirsə, digər səbəbi onlayn mediada və sosial şəbəkələrdə Naxçıvanın təbliğatının yüksək səviyyədə qurulmasıdır. Bu, həm də onlayn media sahəsində Naxçıvan təcrübəsinin nümunəvi olduğunu göstərir. Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv olması qarşılıqlı təcrübə mübadiləsinin aparılması üçün də münbit zəmin yaradır.
Konfransın sonunda Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv olması ilə bağlı ikitərəfli memorandum imzalanıb.
Qeyd edək ki, Naxçıvana gələn xarici və ölkə mediasının nümayəndələri dekabrın 1-də muxtar respublikanın mədəniyyət müəssisələri, tarixi abidələri və digər görməli yerləri ilə tanış olacaqlar.