Naxçıvanda məhdud fiziki imkanlı qadınlar tərəfindən toxunmuş yun corab və şərflər əsgərlərimizə hədiyyə edilib

0
601

Muxtar respublikada uzun illərdir davam edən ənənəyə uyğun olaraq məhdud fiziki imkanlı şəxslər tərəfindən hazırlanmış isti qış geyimləri çətin dağlıq şəraitdə Vətənimizin müdafiəsində və sərhədlərimizin mühafizəsində ayıq-sayıq dayanan əsgərlərimizə hədiyyə edilir. Əsgərlərə növbəti isti qış geyimlərinin təqdim edilməsi qeyd olunanlara əyani misaldır.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək bu il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsinin tapşırıldığını bildirib. Qeyd edib ki, qarşıya qoyulan tapşırığın icrası istiqamətində məhdud fiziki imkanlı qadınlar tərəfindən toxunmuş 1500 cüt yun corab və 200 ədəd yun şərf əsgərlərimizə hədiyyə edilir. Corablardan 1000 cütü və şərflərdən 150-si Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən bölmələrinə, 500 cüt yun corab və 50 şərf isə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilir.
Vurğulanıb ki, 2019-2020-ci ilin payız-qış mövsümündə əsgərlərimizə, ümumilikdə, 3000 cüt yun corab və 400 ədəd yun şərf hədiyyə edilib. Belə tədbirlər məhdud fiziki imkanlı şəxslərin məşğulluğunu təmin etməklə bərabər, onların maddi təminatlarının yaxşılaşmasına da öz töhfəsini verir.
Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov tədbirdə çıxış edərək bildirib ki, Naxçıvanda yerləşən ordu, birləşmə və hissələr hərtərəfli qayğı ilə əhatə olunub. Dövlətimiz tərəfindən göstərilən bu diqqət hərbi qulluqçuların məsuliyyətini daha da artıraraq vətənpərvərlik hisslərinin güclənməsinə səbəb olub. Əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi növbəti qayğının ifadəsi, xalq-ordu birliyinin təcəssümüdür.
Tədbirdə zabit Orxan Əliyev və əsgər Kamal Vəliyev hərbi qulluqçular adından göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər. Çıxışlardan sonra yun corab və şərflər hərbi hissə və zastavalara təhvil verilib.
Qeyd etmək yerinə düşər ki, bu gün hərtərəfli təminata malik olan ordumuzun şəxsi heyətinə kənardan yardım edilməsinə heç də ehtiyac duyulmur. Çünki hərbi hissələrin təminatı dövlətimiz tərəfindən ən yüksək səviyyədə həyata keçirilir. Xalqımızın ordumuzu güvənc yeri bilməsi qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanan əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Deməli, əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında həm də xalq-ordu birliyi dayanır.