İlk milli sərhəd qurumları ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda yaradılıb
Azərbaycan Respublikası Sərhəd Qoşunlarının formalaşmasında Ümummilli Liderimizin siyasi fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövrü müstəsna əhəmiyyətə malikdir. Bu dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda ilk milli sərhəd qurumları yaradılıb.
Bu gün qədim diyarımızın sərhədlərini sayıqlıqla qoruyan “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaradılmasından 28 il ötür. Xalqımızın ümummilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən cəmi dörd gün sonra 1991-ci il sentyabrın 7-də Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul edib. Bununla da Azərbaycanda vahid komandanlığa tabe olan ilk milli ordunun əsası qoyulub. 1992-ci il avqustun 22-də Naxçıvanda sərhəd dəstəsində ilk dəfə müstəqil Azərbaycanın üçrəngli bayrağı qaldırılıb. Bununla da muxtar respublikanın sərhəd xidməti həyata keçirilən 215 kilometrlik sərhəd ərazisi ilk dəfə olaraq milli Sərhəd Qoşunları tərəfindən mühafizəyə qəbul edilib. Ulu öndər Heydər Əliyev deyib: “Müstəqil Azərbaycan Respublikası öz ərazisinin, sərhədlərinin sahibidir, müstəqil dövlət kimi öz sərhədlərini qorumalıdır və bunun üçün də sərhəd dəstələri, sərhəd qoşunları yaradılmışdır. İnanıram ki, Azərbaycanın Sərhəd Qoşunları bundan sonra öz fəaliyyətini gündən-günə həm genişləndirəcək, həm təkmilləşdirəcəkdir”.
Dövlət sərhədlərinin mühafizəsinə və sərhədçilərə göstərilən qayğı nəticəsində
Sərhəd Qoşunları daha da möhkəmlənir
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ali rəhbərliyə ikinci qayıdışından sonra da bu sahədə işlər davam etdirilib, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadir olduğunu nümayiş etdirib. Bu gün isə Ulu Öndərin siyasi irsini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlət sərhədlərinin mühafizəsinə və sərhədçilərə göstərdiyi böyük qayğı nəticəsində Sərhəd Qoşunları daha da möhkəmlənir. “Sərhəd hər bir dövlət üçün onun müstəqilliyini təcəssüm etdirən çox önəmli əlamətdir. Sərhəd müstəqillik deməkdir. Müstəqillik sərhədsiz mümkün deyil”, – deyən ölkə başçısı Dövlət Sərhəd Xidməti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayıb, normativ-hüquqi baza təkmilləşdirilib, maddi-texniki təminat və döyüş hazırlığı artırılıb. Ali Baş Komandan İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli Fərmanı ilə Naxçıvan Sərhəd Dəstəsinin bazasında Sərhəd Diviziyası, 2015-ci il 17 avqust tarixli Fərmanı ilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası yaradılıb, Naxçıvanda sərhədlərimizin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər yeni mərhələyə qədəm qoyub.
Muxtar respublikada sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb
Sərhəd Qoşunlarının formalaşması və inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bu gün də muxtar respublikada uğurla davam etdirilir, hərbi qulluqçulara hərtərəfli dövlət qayğısı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə muxtar respublikada sovet dövründən qalan sərhəd zastavalarının yerində müasir sərhəd zastava kompleksləri tikilərək istifadəyə verilib, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. Göstərilən diqqət və qayğı nəticəsində qərargah binası, xəstəxana, müasir tələblərə cavab verən uşaq bağçası tikilib, mərkəzləşmiş istilik sistemi yaradılıb, sərhədçi ailələri üçün istirahət parkı salınıb, hamam-camaşırxana kompleksi yenidən qurulub, çörək sexi istifadəyə verilib. Həmçinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının ərazisində abadlıq işləri aparılıb, avtomobil parkında təmir emalatxanaları, anbarlar, avtomobillər üçün yeni saxlanclar, qarovul və qazanxana binaları inşa edilib. Bundan əlavə, ötən dövrdə Şərur və Culfa sərhəd komendantlıqları, müasir tələblərə uyğun sərhəd zastavaları, zabit-gizir ailələri üçün yaşayış binaları tikilərək sərhədçilərin istifadəsinə verilib.
Hərbi infrastruktur quruculuğu istiqamətində görülən işlər 2020-ci ilin ötən dövründə də diqqət mərkəzində saxlanılıb, Şərur rayonunda 3-cü Sərhəd Zastavası üçün xidmət və yaşayış kompleksi istifadəyə verilib, eləcə də 8-ci Sərhəd Zastavası üçün infrastruktur obyektlərinin tikintisi başa çatdırılıb. Sərhəd zastavalarına çəkilən yollar üzərində 12 körpü yenidən tikilib. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması məqsədi ilə dövlət sərhədi boyunca siqnalizasiya sistemi yaradılıb və müasirtipli kameralar quraşdırılıb. “Dəmirçi” və “Nehrəm” Sərhəd zastavalarının bazasında yenidənqurma və kompleks tikinti işləri aparılıb, müasir tələblərə uyğun yeni qərargah binaları, əsgər yataqxanaları, anbarlar, hamam-camaşırxana, yardımçı binalar, sərhədçi ailələri üçün tam şəraitli yaşayış binaları tikilib istifadəyə verilib. Nehrəm Təlim Mərkəzində və Culfa sərhəd komendantlığının Təlim Mərkəzində yenidənqurma və təkmilləşdirmə işləri aparılıb. Sərhəd Diviziyasında 560 yerlik əsgər yataqxanasında əsaslı təmir işləri davam etdirilir.
Döyüş hazırlığı daim yüksəldilir, peşəkar kadr təminatı diqqətdə saxlanılır
Şəxsi heyətin təminat və təchizatının yaxşılaşdırılması, sərhəd zastavalarının müasir texnika və avadanlıqlarla təmin edilməsi də daim diqqət mərkəzində saxlanılır. Yaradılan müasir infrastruktur və maddi-texniki təchizat döyüş hazırlığının yüksəldilməsinə və peşəkar kadr təminatına öz töhfəsini verib. Naxçıvan Təlim Mərkəzində Türkiyə Respublikası və Naxçıvan Qarnizonunun birləşmə və hissələri ilə birgə keçirilən döyüş atışlı taktiki təlimlərinə Sərhəd Diviziyasından cəlb olunmuş heyət yüksək əzmkarlıq göstərib, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində döyüş bacarıqları və peşəkarlıqlarını nümayiş etdiriblər. Sərhəd komendantlıqlarının xidməti ərazilərində qarşılıqlı fəaliyyət planına əsasən “Dövlət sərhədinin pozulması halları baş verdikdə sərhəd bölmələrinin hərəkəti və sərhəd axtarışının keçirilməsi” mövzusunda Sərhəd Diviziyasının sərhəd zastavalarının, sərhəd komendantlıqları və Çevik hərəkət taborunun şəxsi heyətinin iştirakı ilə təlim məşqləri keçirilib. Təlimdə əldə olunan təcrübə, şəxsi heyətin qazandığı vərdişlər dövlət sərhədinin etibarlı mühafizəsinə təminat yaradıb. Müxtəlif ixtisaslar üzrə Mərkəzi Qərargahda keçirilən təlim toplanışlarında zabit heyətinin hazırlanması və təkmilləşdirilməsində Sərhəd Diviziyasının aidiyyəti üzrə bölmələrinin iştirakı təmin olunub. Həmçinin Əlahiddə Sərhəd Diviziyasının ştat strukturunda dəyişiklik və əlavələr edilib, Araz Su Anbarında sərhədlərin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sahil mühafizə qrupu yaradılıb. “Gizir hazırlığı” və “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kurslarında Sərhəd Diviziyası üçün mütəxəssislərin hazırlanması və bu kurslarda hərbi qulluqçuların təhsil alması təşkil olunub.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında xidməti vəzifələrini layiqincə yerinə yetirən əsgər, çavuş, gizir və zabitlər həmişə yüksək dövlət mükafatlarına layiq görülürlər. Ötən dövrdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 5 hərbi qulluqçusu yüksək dövlət mükafatına layiq görülüb, 365 hərbi qulluqçu isə müxtəlif medallarla, eləcə də 4 zabit vaxtından əvvəl rütbə ilə təltif olunub.
Sərhədçilərimiz müqəddəs vəzifəni uğurla yerinə yetirirlər
Bu gün hər bir sərhədçi Ulu Öndərimizin və müstəqilliyimizin əmanəti olan dövlət sərhədlərimizi ayıq-sayıq qorumaqla, həm də beynəlxalq terrorizmə, təxribatçı qüvvələrə, qaçaqmalçılığa qarşı mübarizə aparır, fədakarlıq göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Hər bir ölkənin müstəqilliyinin və dövlətçiliyinin ən mühüm şərtlərindən biri onun dövlət sərhədlərinin olmasıdır. Dövlət sərhədi olmayan və sərhədi qorunmayan ölkə müstəqil ola bilməz”.