Navalnının həbsdən şok məktubu – Rusiya bu gün qarışa bilər

0
269

Bu gün Moskva vaxtilə saat 12:00-da həbsdə olan müxalifət fəalı Aleksey Navanının çağırışı ilə paytaxt Moskva da daxil olmaqla, Rusiyanın bütün şəhərlərində mitinq keçirilməlidir. Yanvarın 23-də keçirilən aksiyadakı kimi, bu dəfə də mitinq icazəsidir. 

Rusiya DİN xəbərdarlıq edib ki, aksiyanın qarşısı alınacaq. Moskvada daha ciddi təhlükəsizlik tədbirləri görülüb. Bu gün səhər saat 8-dən saat 19:00-dək  Kremlə gedən bütün yollar bağlanacaq, mərkəzi meydanlara adam buraxılmayacaq. 

Aksiya bitənədək Kreml yaxınlığındakı iri və xırda ticarət mərkəzləri, iaşə obyektləri bağlı qalacaq. Şəhərin mərkəzinə yaxın ticarət obyektlərinə isə saat 9-dan saat 23:00-dək alkoqollu içkilər satmaq yasaqlanıb. Qadağalar Lubyankaya yaxın sərgi və muzeylərə də aiddir. 

Səhər saat 8-dən aksiyanın keçirilə biləcəyi mərkəzi meydanlara yaxın 7 metrostansiyaya da giriş və çıxış bağlanacaq. Qatarlar bu stansiyalardan dayanmadan keçəcək, bu səbəbdən bu stansiyalardan digər xətlərə keçmək də mümkün olmayacaq. Metrodakı məhdudiyyətlər polisdən əlavə bildiriş gələnə qədər qüvvədə qalacaq. Bundan əlavə, polisin tələbi ilə yerüstü nəqliyyatın- avtobuslar və elektrik avtobuslarının marşrutu dəyişdirilib. 

 DİN ciddi təhlükəsizlik tədbirləri ilə bağlı iki gün əvvəldən xəbərdarlıq edib və fövqəladə heç bir hadisə baş vermədiyini, sakinləri sadəcə, icazəsiz aksiyaya qoşulmamağa çağırıb. Bildirilir ki, iri ticarət obyektlərinin və yolların bağlanması da təəccüblü deyil, çünki 9 may Qələbə günündə də bu cür təhlükəsizlik tədbirləri görülür. Moskva hökumətindən ticarətçilərə heç bir kompensasiya ödənilməyəcəyini deyiblər. 

Rusiyanın əsas şəhərlərindən olan Sankt-Peterburqa da ciddi təhlükəsizlik tədbirləri görülüb.  Planlaşdırılan yeni kütləvi etirazların qarşısını almaq üçün şəhərin əsas meydanlarında dəmirdən çəpər çəkilib.  23 yanvarda etirazçıların toplaşdığı “Senat meydanı”nda isə daş baryerlər qoyulub. Metroya yaxın meydanları da polis qüvvələri ciddi nəzarətə götürüb.Əyalət şəhərlərində də oxşar vəziyyətdir. 

Aksiya ərəfəsi hakimiyyət 23 yanvarda qanunları pozan, polisə müqavimət göstərənlərlə bağlı ciddi cəzalandırma kampaniyası da aparıb. 23 nəfər haqda həbs qərarı çıxarılıb və onlara 5 ildən 10 ilədək həbs cəzası verilə bilər. Aksiyalarda fəallıq edən, Rusiya Federal Təhlükəsizlik Xidmətinin avtomobilinə hücum edən bir neçə blogger də saxlanılıb. Onların əksəriyyəti ekran qarşısına öz səhvlərini etiraf ediblər. Efirdə danışmağa razılaşanlar Navalnın əleyhinə heç nə deməsələr də, icazəsiz aksiyaları pisləyiblər. Yeri gəlmişkən, Navalnın iki şəhərdə səlahiyyətli nümayəndəsi icazəsiz aksiyalara görə istefa veriblər. Onlar bu qərarla razılaşmadıqlarını və icazəsiz aksiyada insanların həyatının təhlükə altına düşdüyünü deyiblər.    

Əyalətlərdəki mitinqlərdə fəallıq edənlər də saxlanılıblar. 31 yanvar mitinqi ərəfəsi Arxengelskdə 3 tələbə bundan əvvəlki icazəsiz aksiyada fəallığına görə universitetdən xaric edilib.

Paytaxt Moskvada da fəalların, müxalif mövqelə jurnalistlərin həbsi haqda online mediada xəbərlər çoxdur.   

 İki gün əvvəl isə Aleksey Navalnının məktubu yayılıb. “Bu, “Matrosskaya Tişina”da olan Navalnıdır” cümləsi ilə başlayan məktubda Rusiya hakimiyyəti sərt şəkildə tənqid edilib. Hakimiyyət rus nağılında hər şeyi yeməyə iştahlı tarakana bənzədilib. Navalnı Rusiya prezidentinin mülkü haqda yayılmış araşdırmaya 100 milyon adamın baxdığını yada salaraq, izləyicilərin 2 faizinin küçələrə çıxması ilə dəyişikliyə nail oluna biləcəyini deyib. “Bu sadə riyaziyyatı başa düşən və şənbə günü hüquqlarını xatırladan və qorxularını unutduran hər kəsi salamlayıram və qucaqlayıram. Yenə də aksiyaya çıxın, heç nədən qorxmayın. Heç kim istibdadın və korrupsiyanın hökm sürdüyü bir ölkədə yaşamaq istəmir. Əksəriyyəti bizim tərəfimizdədir” deyə, müxalifət lideri bildirib.