NATO-ya üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər

0
275

Belçika Krallığının paytaxtı Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclasda NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olunub. Bu mövqenin NATO-nun Sammit sənədlərində də dəfələrlə təsbit olunduğu qeyd edilib. NATO-ya üzv dövlətlər tərəfindən Azərbaycanın “Qətiyyətli dəstək” missiyasındakı rolu xüsusi vurğulanıb. Azərbaycan hərbçilərinin Kabul hava limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyəsində oynadığı rol NATO rəsmiləri tərəfindən xüsusi qeyd edilib. Azərbaycanın 2002-ci ildən 2021-ci il avqustun 27-dək bu əməliyyatda iştirak etdiyi və Əfqanıstanı ən son tərk edən ölkələrdən biri olduğu bildirilib.

İclasda, həmçinin Azərbaycan və NATO silahlı qüvvələri arasında operativ hərbi uzlaşma məsələsinin artırılması da qeyd olunub.

Tədbir çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və üzv dövlətlərin nümayəndələri tərəfindən verilən suallar cavablandırılıb.