NATO Ukraynaya bir milyon dron verəcək

0
161

Şimali Atlantika Alyansının (NATO) bir qrup ölkəsi hərbi yardım çərçivəsində bir milyon pilotsuz uçuş aparatını ukraynalı hərbçilərə vermək istəyir.

Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq brifinqdə məlumat verib. O bildirib ki, fevralın 15-də Ukrayna-NATO Şurasının növbəti iclası keçirilib. Xüsusilə Ukraynanın müdafiə naziri Rustem Umerov cəbhədəki vəziyyət barədə müttəfiqlərini məlumatlandırıb. NATO ölkələri isə davamlı dəstəyin vacibliyini vurğulayıb. Y.Stoltenberq onu da deyib ki, son bir neçə gündə Kanada, Finlandiya və Norveç də daxil olmaqla müttəfiqlər Ukraynaya F-16 üçün avadanlıq və ehtiyat hissələri, həmçinin hava hücumundan müdafiə avadanlıqları daxil olmaqla yeni hərbi yardım paketləri elan ediblər.

“Bir qrup müttəfiq Ukrayna üçün bir milyon pilotsuz təyyarə tədarük etmək məqsədilə birləşir. 20 NATO müttəfiqi də minalardan təmizləmə üçün koalisiya yaratmaq barədə razılığa gəlib. Bütün bunlar ukraynalıların həyatını xilas etməyə kömək edəcək”, – deyə Baş katib əlavə edib.

Xatırladaq ki, əvvəllər NATO ukraynalı hərbçilərə kömək etmək üçün 20-dən çox ölkənin qoşulduğu koalisiya yaradıb.