NATO Azərbaycandan nə istəyir? – Qafqazda yeni cəbhənin qurulması planı

0
122

NATO baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz səfəri vida xarakteri daşısa da, əsas hədəf Rusiyaya qarşı bu bölgədən cəbhənin açılması, region ölkələrinin ruslarla müharibədə Qərb cəbhəsinə dəstəyini təmin etməkdir.

Əsas məqam Stoltenberqin bölgədə Azərbaycana daha çox zaman ayırması idi: bir gün yarım Bakıda, yarım gün Tbilisidə oldu, bu gün İrəvandadır.

Azərbaycan NATO üçün təkcə müttəfiq ölkələrin enerji təhlükəsizliyində oynadığı rola görə yox, Cənubi Qafqazda istəyinə nail olmaq üçün də əhəmiyyətli ölkədir.

Birincisi, Gürcüstan və hazırda anti-Rusiya siyasətinə güc vermiş Ermənistandan fərqli olaraq, Azərbaycanın öz siyasi xətti var və uzun illər nəticə əldə etməyə imkan verən balans siyasətini yalnız Türkiyənin xeyrinə dəyişir;
İkincisi, Türkiyə ilə müttəfiq olan Azərbaycanın Gürcüstan və Ermənistandan fərqli olaraq, Rusiya qarşısında daha güclü mövqeyə malikdir;
Üçüncüsü, Cənubi Qafqazda Rusiyaya qarşı mümkün cəbhənin qurulması üçün regionun güclü bəndi olaraq Azərbaycanın dəstəyi mütləq vacibdir;

Stoltenberq Bakıda Azərbaycandan istəyini açıq şəkildə dilə gətirdi:

– Əliyevlə görüşdə Ukrayna-Rusiya müharibəsinə qoşuldu və Cənubi Qafqazda təhlükəsizliyin Qara dənizdəki təhlükəsizliklə bağlı olduğu mesajını verdi;
– “Azərtac”-a müsahibəsində daha açıq danışdı: Rusiyanın Ukraynada qalib gələcəyi təqdirdə, Azərbaycana da təhlükə yaradacağını bildirdi və Bakıdan əsas gözləntilərinin Moskvaya qarşı iqtisadi sanksiyalara qoşulmaq olduğunu bildirdi;

NATO baş katibi “Rusiyanın Ukraynada qalib gələcəyi təqdirdə, hər kəs üçün daha təhlükəli olacağını” İrəvanda da bəyan edib.

Stoltenberq Rusiya təhlükəsi ilə bağlı dediklərində haqlıdır, lakin bu cür bəyanatlarla region ölkələrini Moskvaya qarşı açıq cəbhə almağa sövq etmək çətindir, çünki bu coğrafiyanın öz reallıqları var.

– Gürcüstan 2008-ci il təcrübəsini yaşayıb və torpaqlarının işğalından sonra ruslarla daha ehtiyatlı davranış xəttini izləyir;
– Ermənistan hakimiyyəti Rusiyaya qarşı ritorik cəbhə açsa da, praktiki müstəvidə hərəkət etmək imkanları azdır;
– Azərbaycan Qərb-Rusiya qarşıdurmasına həmişə məsafəli siyasətlə yanaşıb və bu yanaşmanı dəyişməsi üçün səbəb yoxdur;

NATO/Qərb Rusiyanı Ukraynada tam məğlub edə bilmədiyi, yaxud ən azı məğlubiyyət perspektivini yarada bilmədiyi müddətdə Cənubi Qafqazda Moskvaya qarşı cəbhə açması çətindir. Stoltenberqin də buna nail olacağı gözləntisi mümkünsüz görünür.