NATO Arktikada Rusiya ilə qarşıdurmaya hazırlaşır – Bunun üçün bu mərkəzi yaradır

0
72

NATO tezliklə Arktikada birgə hava əməliyyatları mərkəzi (CAOC) yaratmağı planlaşdırır. Bu ideya artıq ABŞ-ın Avropa Komandanlığının rəhbəri və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Kris Kavoli tərəfindən təsdiqlənib.

ABŞ-ın Avropa və Afrikadakı Hərbi Hava Qüvvələrinin komandanı general Ceyms Hekker “Defense One” nəşrinə bildirib ki, indi bu təklif NATO rəhbərliyindən keçməlidir.

Qeyd olunur ki, yeni mərkəzin yaradılması Finlandiya və İsveçin NATO-ya daxil olmasından sonra mümkün olub. Mərkəzin Arktikada Rusiyaya qarşı durmaq üçün yaradılması planlaşdırılır.

“Biz Arktika ölkələri arasında sıx əməkdaşlıqdan və bu layihəni həyata keçirmək üçün onların paylaşdıqları təcrübədən faydalanacağıq. Beləliklə, biz bu biliklərdən istifadə edəcəyik və düşünürəm ki, tezliklə üçüncü müştərək hava əməliyyatları mərkəzi yaradacağıq”, – deyə general Heker vurğulayıb.

Ceyms Hekker əlavə edib ki, ABŞ Hərbi Hava Qüvvələri artıq Arktikada yüksək hündürlükdə hava şarları və pilotsuz təyyarələrin sınaq uçuşlarını həyata keçirir. Yeni CAOC-un dəqiq harada yerləşəcəyi hələ məlum deyil. Almaniya və İspaniyada artıq iki belə mərkəz var.

Qeyd edək ki, digər alyans ölkələrinin qoşunlarının daimi mövcud olmadığı Rusiya ilə həmsərhəd olan yeganə NATO ölkəsi Finlandiya öz ərazisində alyans qoşunlarının formalaşması ilə bağlı danışıqlar aparır. Bu barədə Finlandiya Müdafiə Nazirliyinin rəhbəri Antti Hyakkanen avqust ayında məlumat vermişdi.