ABŞ Kosmik Agentliyi (NASA) bütün planeti bürüyən və on minlərlə insanın həyatına son qoyan koronavirus pandemiyası ilə mübarizəyə qoşulmaq niyyətindədir.
Məlumata görə, “NASA” 60 ildən çoxdur unikal tapşırıqları həll edir və hazırda bütün təcrübəsindən misli görünməmiş problem – koronavirusun yayılması ilə mübarizə üçün istifadə etməyi düşünür. “Agentlik pandemiyanın qarşısını almağa kömək üçün əməkdaşların intellektual və yaradıcılıq potensialından istifadə edir”, – bəyanatda qeyd olunur.
Bildirilir ki, agentlikdə aşağıda qeyd olunan sahələr üzrə təkliflər qəbul edən “NASA@WORK” adlı daxili “crowdsourcing” platforması yaradılıb:
Effektiv fərdi qoruyucu vasitələrin yaradılması və ya fərdi qoruyucu vasitələrin sterilizasiyası və ya təkrar istifadəsi üsulları üzrə ideyalar;
Kütləvi istehsalına tez başlanılan süni ağciyər ventilyasiya sistemi layihələri;
Koronavirusun (COVID-19) yayılmasının və onun cəmiyyət və planetə təsirinin proqnozlaşdırılması;
Məsafəli işin təşkili və ya insan funksiyalarının bir qisminin müxtəlif sistem və elektronikaya verilməsi üzrə ideyalar.