Anews.az-a müraciət edən şikayətçi deyir ki, onun mənzili binanın 1-ci mərtəbəsində yerləşir və evinin zirzəmisi qanunsuz olaraq Səfərov Ramil Şahin oğlunun mülkiyyətinə verilib.
“Bir neçə il əvvəl bir nəfər gəldi ki, qonşu olacağıq. Məlum oldu ki, evimin altın bu adama satıblar. Bir müddət eləcə qaldı, daha sonar həmin şəxs orda tikinti işləri aparmağa başladı. Kimə yazdım, hara yazdım bir nəticə olmadı. Əksinə, müraciətlərdən sonra prinsipə düşüb tikdiyi obyekti düz mənzilimin pəncərəsinə kimi qaldırdı. Dedi ki, kimə istəyirsən müraciət elə, heç bir nəticəsi olmayacaq”,- deyə şikayətçi bildirib.
Onun sözlərinə görə, bundan sonra ölkə prezdienti İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etsə də bir cavab ala bilməyib.
Ancaq Fövqəladə Hallar Nazirliyi və Memarlı, Şəhərsalma Baş İdarəsi şikayətçinin müraciətinə cavab verib.
Cavablardan bəlli olub ki, nə Fövqəladə Hallar Nazirliyi, nə də Memarlıq, Şəhərsalma Baş İdarəsi tikintinin aparılmasına müsbət rəy verməyib.
Yəni, tikinti Nəsimi Rayon İcra Hakimiyyətinin razılığı ilə, dövlət qurumlarının rəyi nəzərə alınmadan aparılır.
Hətta, müvafiq tədbirlərin görülməsi ilə bağlı, Fövqəladə Hallar Nazirliyi Bakı Şəhər İcra Hakimiyyətinə, Memarlıq və Şəhərsalma Baş İdarəsi isə Nəsimi Rayon İcra Hakiminə məktub göndərib, Ancaq bu da bir nəticə verməyib və tikinti dayandırılmayıb.
Şikayətçi Elman Musayev istisna etmir ki, evinin altı Nəsimi Rayon İcra Hakimiyyəti və Mənzil İstismar sahəsi tərəfindən qanunsuz olaraq başqa şəxsə satılıb.
Onun sözlərinə görə, hətta prezident Aparatının qəbul şöbəsinə də şikayət üçün gedib, orda da evinin zirzəmisini zəbt edən şəxsi adı ilə tanıyıblar.
Həmin şəxsin keçmiş polis əməkdaşı olduğunu deyən şikayətçi bildirir ki, evini satmaq istəsə də, heç kim qarşısındakı tikintiyə görə o evi almaq istəmir.
“Hara getdim, bu adamı adla tanıdılar. Keçmiş polis əməkdaşıdır. Mülkü də oğlunun adına rəsmiləşdirir. Səfərov Ramil onun oğludur. Deyir kiimə istəyirsən çıx, nəticə olmayacaq. Mən də evimi satmaq istədim, amma gələnlər obyekti görüb imtina etdilər. Sabah o obyekt kafe olsa, market olsa hamı yığışacaq qabağına, gülüşən kim, söyüş söyən kim. Orda yaşamaq olmayacaq. Obyekti düz pəncərəmə kimi qaldırıb”, – deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq, icra hakimiyyətindən dedilər ki, Nəsimi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaq. Ancaq nə qədər çalışsaq da, Nəsimi Rayon Icra Hakimiyyəti ilə əlaqə saxlaya bilmədik.
Fövqəladə Hallar Nazirliyindən isə, məsələnin yenidən araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirdilər.
Fotoları və faktları sizə təqdim edirik: