“Nəsimi ili”ndə Nəsimi poeziyasına fərqli yanaşmalar nümayiş olunacaq

0
790

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq Teatrının İmadəddin Nəsimiyə həsr etdiyi festivala sayılı günlər qalıb. Belə ki, teatr özünün “Bir teatr, bir festival” layihəsi çərçivəsində gerçəkləşdirəcək üçüncü “Bizim teatr festival”ını “Nəsimi ili”nə həsr edəcək.

“Nəsimi ili – Nəsimi dili” adlandırılacaq festival aprelin 12-13-də Aktyor Evində gerçəkləşəcək.

Festivalda Bakı Uşaq Teatrı tam tərkibdə iştirak edəcək. Bununla yanaşı, tədbirin quruluşçu rejissoru, teatrın bədii rəhbəri-direktoru, Əməkdar artist İntiqam Soltan, musiqi tərtibatçısı Rauf Hüseynli, qəzəllərin seçimi və tədbirin ədəbi tərtibatçısı Arzu Soltan, rəqslərin quruluşçusu Könül Şahbazova, səhnə tərtibatçısı Sevda Məmmədovadır.

Festivalda Bakı Uşaq Teatrının yaradıcı heyəti Nəsimi poeziyasından nümunələrlə çıxış edəcək, müstəqil qəzəl təqdimatları və müxtəlif kompozisiyalar nümayiş etdirəcəklər. Təqdimatlarda əsasən Nəsimi poeziyasının nümunələrinə fərqli yanaşmalara və yozumlara diqqət ayrılacaq. Məqsəd teatrda çalışan hər kəsə öz yaradıcılıq imkanlarını nümayiş etdirmək imkanı verməkdir.

Bundan başqa , müxtəlif teatrların və yaradıcı kollektivlərin təmsilçiləri də festivalda Nəsimi poeziyasından nümunələrlə çıxış etməyə dəvət olunub. Artıq Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti çıxışla bağlı festivalın təşkilat komitəsinə müraciət ediblər və proqrama salınıblar. Respublika İncəsənət Gimnaziyasının şagirdləri də festivala qonaq qismində qatılacaqlar.

Xatırladaq ki, ölkəmizin başçısı Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bu ili ölkəmizdə “Nəsimi ili” elan edib. Böyük şair və mütəfəkkir Nəsiminin 650 illiyi bu il təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında qeyd olunur.