Nərimanovda uçan yataqxananın sakinləri köçürüləcək – İcra Hakimiyyətindən açıqlama

0
431

Nərimanov Rayon İcra Hakimiyyəti Nazim Hacıyev 6 ünvanındakı yataqxanada baş verən uçqunla bağlı məsələyə münasibət bildirib.

İH-nin İnformasiya təminatı və təhlil sektorunun müdiri İlkin Əsədov bildirib ki, dördmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsinin dam örtüyünün bir hissəsi çöküb:

“Aparılan araşdırma zamanı məlum olub ki, dam örtüyünün çökmüş hissəsi 47 nömrəli otağın sahibi Həbib İbayevə məxsusdur. Baş verən hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.

Nərimanov Rayon İcra Hakimiyyətinin, Daxili işlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin ərazi üzrə əməkdaşları hadisə yerinə baş çəkiblər”.

Sektor müdiri qeyd edib ki, hazırda həmin otaqda yaşayan sakinlər başqa bir otaqla təmin olunublar:

“Hazırda otağın çökən hissənin bərpası üzrə işlər aparılır. Həmin bina Fövqəladə Hallar Nazirliyinin qəzalı binalar siyahısındadır.

Yaxın günlərdə müvafiq orqanlarla razılaşdırılmış formada yataqxanada məskunlaşan Zəngilan, Cəbrayıl və Laçın rayonlarından olan məcburi köçkünlərin yeni binalara köçürülməsi üçün müvafiq işlər aparılır”.