Nə suçiçəyidir, nə də koronavirus: Bu şəxslər böyük təhlükə altındadır

0
116

Meymunçiçəyi xəstəliyi dünyada yenidən tüğyan edir. Xəstəlik artıq qonşu ölkələrdə də müşahidə olunub. Rusiyada xəstəliyə iki nəfər yoluxub. Xatırladaq ki, meymunçiçəyi xəstəliyi dünyada 2022-ci ildən yayılıb. Həmin dövr ərzində ölkəmizdə bu xəstəliyə yoluxma qeydə alınmamışdı. Ümumilikdə isə dünyada bu xəstəlikdən cəmi 167 ölüm hadisəsi müşahidə olunub. Lakin hazırda dünya ölkələri yenidən həyəcan təbili çalırlar. Bəs Azərbaycan üçün meymunçiçəyi nə qədər risklidir? Qonşularımızdakı təhlükə ölkəmizə də gələ bilərmi? Özümüzü bu bəladan necə qoruyaq?

Vaksinasiya tədbirləri görülməlidir

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirir ki, virusun ötürülməsi xəstə heyvan, insan və ya virusla çirklənmiş materiallarla təmas yolu ilə baş verir: “Viruslar bədənə zədələnmiş dəri, nəfəs yolları və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Heyvandan insana ötürülmə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla baş verir. İnsandan insana ötürülmənin ilk növbədə iri respirator damcılarla baş verdiyi düşünülür. Yoluxma üçün uzunmüddətli və sıx təmas olmalıdır”.

T.Eyvazovun sözlərinə görə, xəstəliyin gizli dövrü adətən 5-21 gündür. Beş günədək davam edə bilən başlanğıc dövrdə qızdırma, şiddətli baş ağrısı, limfa düyünlərinin böyüməsi, bel və əzələ ağrıları, bəzən kataral və mədə-bağırsaq əlamətlərinə rast gəlir: “Qızdırmadan 1-3 gün sonra təbii çiçəyi xatırladan xarakterik qovucuqlu səpgilər yaranır. Üz nahiyəsindən başlayır və bədənin digər nahiyələrinə keçir. Əsas risk qrupları hamilə qadınlar, immundefisitli şəxslərdir. İnfeksiyanın profilaktikası gigiyenik qaydalara əməl olunması və vaksinasiya tədbirlərindən ibarətdir”.

Bütün ilkin profilaktik tədbirlər görülür

Nazirliyin rəsmisi bildirdi ki, ölkəmizdə bu infeksiyaya yoluxma halları qeydə alınmayıb. İnfeksiyanın yayılmaması məqsədilə bütün ilkin profilaktik tədbirlər aidiyyəti qurumlar tərəfindən icra olunur: “Ümumilikdə hazırda Azərbaycanda digər infeksiyalar da nəzərə alınmaqla epidemioloji durum sabitdir, nəzarət altındadır. Ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib. Meymunçiçəyi virusuna qarşı vaksinə gəldikdə, vaksinlər az miqdarda istehsal olunur və yalnız bu virusa endemik ölkələrə paylanılır”.

Bütün ölkələr təhlükə altındadır

İnfeksionist Vasif Əliyev isə düşünür ki, xəstəlik qlobal xarakter daşıdığından bütün ölkələr təhlükə altındadır: “Afrikada artıq iki ildir mövcuddur, 2022-ci ildən etibarən ortaya çıxıb. Meymunçiçəyinin iki növü var. İkinci tip birinci tipə görə daha yüngül hesab olunur. O səbəbdən virusun hansı tipinə yoluxmaq da çox önəmlidir. Meymunçiçəyi Afrika ölkələrində yayılmış olsa da, artıq digər dövlətlərdə də yoluxmalar müşahidə edilir. Bu səbəbdən Azərbaycan da risk qrupuna daxildir. Çünki səyahətlər zamanı virusun bir ölkədən digərinə sıçraması mümkündür. Ölkəmizdə bu xəstəliyə qarşı dərmanlar gətirilib”.

Nə suçiçəyidir, nə də koronavirus

V.Əliyev meymunçiçəyini digər xəstəliklərlə də müqayisə etdi: “Meymunçiçəyi xəstəliyinin əlamətləri vezikulyar səpkilərdir. Hansı ki, bu səpkilər suçiçəyinə bənzəyir. Amma ondan ölçü cəhətdən daha böyük olur. Həmçinin yerləşdiyi yer də fərqlidir. Daha çox ətraflarda, qollarda, ayaqlarda, üzdə görülür. Gövdədə o qədər də olmur. Eyni zamanda əl və ayaq içlərində, ovucda bu cür yaralar görülə bilir. Bu xəstəlikdə də yüksək hərarət olur. Amma koronavirusdan fərqlənir. Çünki koronavirus daha çox tənəffüs yollarından keçirdi. Meymunçiçəyində isə dəri səpkiləri olur. Oxşar xüsusiyyətləri isə insandan insana keçməsidir. Meymunçiçəyi siçan və sincablardan da insana yoluxa bilir”.

Bu nəslin nümayəndələri təhlükədədir

İnfeksionistin fikrincə, bu xəstəlikdən çiçək peyvəndi ilə qorunmaq olardı, lakin insanlar peyvənd olunmur: “Konqodan verilən statistikaya görə, bu xəstəlikdən ölüm riski beş faizdir. Daha əvvəl çiçək peyvəndi olunmuş şəxslər 85 faiz ehtimalla bu xəstəliyə qarşı da qorunmuş olur. Çünki meymunçiçəyi də həmin xəstəliklər ailəsinə daxildir. Sadəcə, burada bir məqam var ki, 1980-ci illərdən bəri çiçək virusuna qarşı peyvəndləmə aparılmır. O baxımdan həmin ildən sonrakı nəslin nümayəndələri risk qrupuna daxildir. Xüsusilə də azyaşlı uşaqlar və xroniki xəstəliyi olan insanlar bu xəstəliyi daha ağır formada keçirə bilərlər. Ağırlaşmalar və ölüm səbəbləri pnevmoniya, sepsis, ensefalit, görmənin zəifləməsi mümkündür”.

Həkim vətəndaşlara tövsiyələrini də verdi: “Suçiçəyi səpkilərinə bənzər səpkiləri, hərarəti olan, xüsusilə də səyahət etmiş insanlar mütləq şəkildə həkim müayinəsində olmalıdırlar. Meymunçiçəyi xəstəliyindən şübhələnilirsə, ilk olaraq test aparılmalı, xəstəyə diaqnoz qoyulmalıdır. Diaqnoz qoyulduqdan sonra həmin şəxsin digər insanlarla təmasının qarşısı alınmalıdır. Risklərdən qorunmaq üçün təmas lokallaşdırılmalıdır. Yəni, xəstə izolyasiya olunmalıdır”.