Müxalifətin “Məhsul”unu niyə məhz indi “becərdilər” – Bəxtiyar Sadıqov

0
582

Bəxtiyar Sadıqov ile ilgili görsel sonucu“Hazırda ölkəmizdə mitinq keçirməyə heç bir zərurət yoxdur”

Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksi və ətraf ərazidə əsaslı təmir və tikinti işlərinə başlanılıb. Metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən bu kompleks həm də “Məhsul” stadionu kimi tanınır. Bakı Şəhər İcra Hakimiyyəti kütləvi tədbirlər üçün Yasamal rayonunda bu stadionu ayırıb.

Sentyabrın 10-da Yasamal Rayon İcra Hakimiyyətindən report.az-a bildiriblər ki, stadion uzun illərdir əsaslı təmir aparılmaması, baxımsız qalması səbəbindən pis vəziyyətə düşüb: “Burada hər hansı idman tədbirinin keçirilməsi mümkünsüz olub, gecə saatlarında stadion tüfeyli həyat tərzi keçirən şəxslərin yığılma yerinə çevrilib, bu da ətraf binalarda yaşayan sakinlərin narazılığına səbəb olub. Sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, həmçinin stadionu müxtəlif idman yarışları üçün yararlı vəziyyətə salmaq, burada idman qurğularını, ot örtüyünü yeniləmək məqsədilə İdman-Sağlamlıq Kompleksində əsaslı təmir işlərinə başlanılıb”.

“Məhsul” stadionunda sonuncu mitinqi 2019-cu il yanvarın 19-da Milli Şura keçirib. Bu, 2019-cu ildə BŞİH ilə razılaşdırılan yeganə aksiya olub. Paytaxt hakimiyyəti Milli Şuranın yanvarın 26-da, fevralın 23-də, martın 2-də, aprelin 6-da, aprelin 20-də, mayın 5-də və mayın 11-də eyni stadionda keçirmək istədiyi mitinqlərə icazə verməyib.

Müsavat Partiyasının, Qarabağ Komitəsinin, Azərbaycan Xalq Hərəkatının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda və başqa məkanlarda aksiyalar üçün müraciətlərinə də meriyadan mənfi cavab gəlib.

Ekspertlər mitinq yerinin təmir üçün qapadılması səbəbindən iqtidara əlavə tənqidlər olacağı qənaətindədirlər. Sosial şəbəkələrdə müxalif düşərgə əslində təmir adı ilə “sonuncu qalaları”nın dağıdıldığını bildirirlər. Artıq beynəlxalq qurumlara bununla bağlı müraciətlərin ediləcəyi barədə mövqelərə də rast gəlməkdəyik.

YAP-çı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyilənlərə sərt münasibət sərgilədi: “Azərbaycanda bir konstruktiv müxalifət var, bir də radikal. Sentyabrın 11-də Əli Əhmədovun iştirakı ilə tədbir keçirildi. Bütün müxalif qüvvələrlə, siyasi partiyalarla hökumətin dialoqa hazır olduğu bəyan edildi. Buna da konstruktiv müxalifət müsbət cavab verdi. Azərbaycanda mətbuat və söz azadlığı ilə bağlı heç bir problem yoxdur. Bu gün ölkəmizdə hər hansı bir partiyanın fəaliyyətinə maneçilik törədilmir. Kim istəyirsə, sosial şəbəkələrdə fikrini ifadə edir, mediada da istənilən şəxs azad şəkildə fikirlərini, düşüncələrini deyir. İstədikləri vaxt müxalif qüvvələr yığıncaqlarını keçirirlər. Olan bir sözü deməklə kiməsə nəyisə çatdırmaq istəyirsənsə, orada da heç bir problem yoxdur. Belə bir məqamda hökmdür ki, mitinq keçirəsən? Mitinq hansı zərurətdən yaranıb? Mitinqin mənası nədir? Azərbaycan iqtidarı ilə həmin radikal müxalifət arasında olan ən ciddi fərq odur ki, ölkə iqtidarı qurucudur. Tikir, qurur, abadlaşdırır, insanların istədiyini həyata keçirir. Radikal müxalifət isə öz mövcudluğunu göstərmək üçün ancaq mitinq yolunu tanıyır. Gəlsin orada populist çıxışlar etsin, şər-böhtan danışsın. Bu düşərgə öz fəaliyyətini, mövcudluğunu ancaq mitinq yolu ilə təsdiq etmək istəyir. Əgər burada ehtiyac varsa ki, təmir aparılsın, ora abadlaşdırılsın, bu olmamalıdır? Burada nə var axı? Əgər Avropa buna etiraz etmək istəyirsə, o zaman demək, Avropa Azərbaycanın inkişaf etməsini istəmir. İdman qurğularının olması və insanların ondan istifadə etməsində pis nə var ki? Nə vaxtsa bu təmir, yenidənqurma getməlidir də. Buna görə Avropa etiraz etmək istəyirsə, etsin. Onda biz tikməyək, qurmayaq ki, Avropa buna etiraz edəcək. Bunu qəbul etmək mümkün deyil. Əvvəlki fikrimə bir daha qayıdıram ki, hazırda ölkəmizdə mitinq keçirməyə heç bir zərurət yoxdur. Əgər sən öz varlığını təsdiq etmək istəyirsənsə, nəzərə al ki, heç stadionu belə doldura bilmirsən. Bir cüt, bir tək adam gəlir. Sən öz zəifliyini, sosial bazanın olmadığını göz önündə sübut edirsən. Belə olan halda hesab edirəm ki, qabağı qışa gedir, idman meydançaları indi təmir olunmalıdır. Çünki yay vaxtı insanlar elə yerlərə daha çox gedirlər, yəni buna ehtiyac görürlər. Ona görə də stadionun təmiri normaldır. Radikal müxalifət bundan inciməməlidir. Bir az səbir etsin. Həm də bəhanə deyil, əsas tapsın. Bundan sonra mitinq keçirəndə əsaslarını göstərə bilsin. Azərbaycan iqtidarı haradasa nəsə təmir edəndə Avropa-filanla məsləhətləşməli deyil. Öz işini görməlidir. Necə ki də görür”.

Deputat Azərbaycana mitinq meydanının bağlanması səbəbindən təzyiqlərin gələcəyini düşünmür: “O qurumlar ki, ölkəmizə qarşı hər zaman qərəzli mövqedən çıxış edirlər, onlar daim bəhanə tapırlar. Heç bir bəhanə tapmayanda da bizim ”Beşinci kolon”un göndərdikləri donoslar onlara bəs edir. Amma Azərbaycana təzyiq etmək, təsir göstərmək mümkün deyil. Azərbaycan müstəqil dövlətdir, demokratiya yolu ilə gedir. Ölkəmiz bu dəqiqə ən mühüm problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə çözülməsi ilə məşğuldur. Əgər Avropa ölkəmizə kömək etmək istəyirsə ki, Azərbaycan sürətlə inkişaf etsin, o zaman ilk növbədə, münaqişənin həllinə kömək etməlidir. O problemi ki, Avropa, ATƏT öz üzərinə götürüb, münaqişənin sülh yolu ilə həllinə kömək etsin. Ondan sonra Azərbaycanda inkişaf daha sürətli olacaq, proseslər də uğurla gedəcək. Avropa bəhanə axtarmasın. Konkret olaraq, kömək etmək istəyirsə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etsin”.