Mütəxəssisdən hər gün duş qəbul edənlərə TÖVSİYƏ

0
90

Duş qəbul etmək şəxsi gigiyenanın vacib hissəsi olsa da, çimmək intervalı ilin fəsillərindən, üstünlük verilən şəxsi amillərdən, həyat tərzindən və sağlamlıq vəziyyətindən asılı olaraq dəyişə bilər.

Bununla bağlı daxili xəstəliklər və kardiologiya üzrə türkiyəli mütəxəssis Nevrez Koylan maraqlı açıqlamalar verib.

Bu barədə “CNN Türk” bildirir.

Nevrez Koylanın sözlərinə görə, müntəzəm duş qəbul etmək vərdişi bakteriya və mikrobların yığılmasının qarşısını alaraq infeksiya riskini azaldır. Həmçinin qan dövranını artırır, stresi azaldır və yuxu keyfiyyətini yaxşılaşdırır. Lakin bu zaman suyun çox isti olmamasına diqqət yetirilməlidir. Çünki isti su dərinin təbii yağlarını azaldaraq quruluğa səbəb ola bilər. Ona görə də ilıq sudan istifadəyə üstünlük verilməlidir.

Mütəxəssis qeyd edib ki, ümumilikdə dəri sağlamlığını qorumaq üçün həftədə 2-3 dəfə çimmək kifayətdir. Bununla belə, fiziki cəhətdən aktiv olan və ya isti iqlim şərtlərində yaşayan insanlar daha tez-tez duş qəbul edə bilərlər. Əhəmiyyətli olan, duş qəbul edən zaman dərini qoruyacaq məhsullardan istifadə etmək və çimdikdən sonra dərini nəmləndirməkdir.

“Hamam otağında dəri tipinizə uyğun, sabun tərkibi olmayan və pH balanslı təmizləyicilərdən istifadə etmək vacibdir. Hər gün çimmək dərinin təbii yağlarını və mikroorqanizmlərini məhv edərək dəri müdafiə baryerini zəiflədə bilər. Bu da dərinin qurumasına, qaşınmasına və qıcıqlanmasına səbəb ola bilər. Bundan əlavə, həddindən artıq təmizlik dərinin florasını pozaraq zərərli bakteriyaların yaranmasına yol aça bilər. Hamamda uzun müddət qalmaq da dərini qurudur. Buna görə hamam vaxtı 10-15 dəqiqə ilə məhdudlaşdırılmalıdır. Hamamdan sonra dərinin nəmləndirilməsi də çox vacibdir, lakin insan öz dəri tipinə uyğun nəmləndirici vasitə seçməlidir”, – deyə Nevrez Koylan əlavə edib.

Mütəxəssis duş almaq intervalına təsir edən amilləri də sadalayıb.

Həyat tərzi və aktivlik səviyyəsi – Fiziki cəhətdən aktiv olan fərdlər daha çox tər və kir yığılması ilə qarşılaşacaqları üçün daha tez-tez çimmək ehtiyacı hiss edə bilərlər. İdmançılar, fiziki güc tələb edən işlərdə çalışanlar və müntəzəm idman edən insanlar əsasən gündəlik duş qəbul etməyə üstünlük verirlər.

Dəri tipi – Dəri tipi çimmək intervalını təyin edən mühüm faktordur. Quru dərisi olan insanlar dərilərini qorumaq üçün daha gec-gec çimməlidirlər. Əks halda dərinin təbii yağı azalacağı üçün quruluq və qıcıqlanma baş verə bilər. Yağlı dəriyə sahib olanlar isə daha tez-tez çimməklə artıq yağların yığılmasını nəzarət altında saxlaya bilərlər.

İqlim və ətraf mühit amilləri – İsti və rütubətli iqlim şərtlərində yaşamaq tərləməni və müvafiq olaraq da çimmək ehtiyacını artırır. Soyuq və quru iqlimlərdə isə dəri daha çox qurumağa meylli olduğu üçün çimmək intervalı azaldıla bilər.

Sağlamlıq vəziyyəti və gigiyena ehtiyacları – Bəzi sağlamlıq şərtləri duş qəbul etmək intervalına təsir edə bilər. Məsələn, ekzema və ya sədəf kimi dəri xəstəlikləri olan şəxslər həkimlərinin tövsiyə etdiyi kimi, tez-tez çimməlidirlər. Həmçinin immun sistemi zəif olan insanlar infeksiya riskini azaltmaq üçün şəxsi gigiyenalarına daha çox diqqət yetirməlidirlər.