Mütəxəssis: Smartfonların uşaqların psixologiyası ilə yanaşı gözünə də çox böyük mənfi təsiri var

0
252

Son dövrlərdə istər azyaşlı, istərsə də məktəb yaşlı uşaqlar arasında smartfon və planşetlərdən istifadə geniş yayılıb. Təbii ki, texnologiyanın inkişaf etdiyi bir dövrdə bu qaçılmaz haldır. Lakin bəzən valideynlər özləri qəsdən uşaq səs salmasın və ən əsası öz rahatlığı üçün övladına mobil telefon verir.

Kliniki Tibbi Mərkəzin (KTM) rəsmi feysbuk səhifəsi bildirir ki, bunu mərkəzin həkim-oftalmoloqu Səfurə Acalova deyib.

“Son dövrlərdə uşaqlarda göz problemi ilə bağlı Kliniki Tibbi Mərkəzə müraciət edənlərin sayında artım müşahidə edilir. Uşağını göz həkiminə gətirən valideynlərin əksəriyyəti mobil telefonlardan şikayətçidir. Smartfonların uşaqların psixologiyası ilə yanaşı gözünə də çox böyük mənfi təsiri var. Müasir dövrdə bu cihazları tamamilə uşaqlardan uzaqlaşdırmaq mümkün deyil, amma müəyyən qədər gözlənilən ziyanları minimuma endirmək olar.

İlk növbədə uşağın telefon, planşet və yaxud kompüterlə arasında olan məsafəyə diqqət yetirmək vacibdir. Ekranın parlaqlığını gözü qıcıqlandırmayacaq səviyyədə tənzimləmək lazımdır. Uşaqların bu cihazlardan istifadə etməsinə isə çox qısa zaman intervalları müəyyənləşdirilməlidir.

Hər bir valideyn bilməlidir ki, monitora fasiləsiz baxan uşaqlarda göz qırpma sayı azalır. Bu isə gözün qurumasına səbəb olur. Buna quru göz sindromu deyilir. Belə uşaqların gözlərində qızarma, yanma, blefarit (kirpik dibinin ikitərəfli residivləşən iltihabı) müşahidə olunur. Eyni zamanda uzun müddət smartfona baxan və eynəyə ehtiyacı olan uşaqlarda görmə daha da zəifləyir, eynəyin dərəcəsi daha sürətlə artır. Qaranlıq yerdə smartfona baxmaq isə daha ciddi fəsadlara səbəb olur. Çünki texnoloji cihazların mavi şüası göz sinirini gərginləşdirir. Bu hal uşaqlarda baş ağrısına səbəb olur. Uzun müddət ultra-bənövşəyi şüalara məruz qalan uşaqların gözündə katarakta yaranma riski də artır.

Bütün hallarda uşaqlarla bu cihazlar arasında müəyyən sərhədlər qurmaq lazımdır. Əks halda gələcəkdə fəsadları ağır olar”.