Müslüm Maqomayevin əmisi nəvəsi “olan” Əməkdar artist maraqlı məqamları açdı – MÜSAHİBƏ

0
556

Müslüm Maqomayevin əmisi nəvəsi "olan" Əməkdar artist maraqlı məqamları açdı  - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, teatr və kino aktyoru, Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev Rusiyanın Birinci kanalında görkəmli müğənni Müslüm Maqomayev və opera müğənnisi Tamara Sinyavskayanın eşq hekayəsindən bəhs edən “Maqomayev” serialda rol alıb.

Əməkdar artist Publika.az-a müsahibəsində serial barədə təəssüratlarını paylaşıb.

– Elman bəy, bir daha təbrik edirəm. Daha böyük uğurlarınızdan yazaq inşallah. Əvvəlcə layihə haqqında fikir və təəssüratlarınızı öyrənək…

– Azərbaycanın görkəmli müğənnisi, bəstəkar, SSRİ xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli Müslüm Maqomayevin həyatı haqqında film çəkilməsi əlbəttə ki, əlamətdar hadisədir. Bir azərbaycanlı kimi belə bir layihənin həyat keçirildiyini eşidəndə böyük qürur hissi yaşadım. O, səsi ilə dünya səhnələrini fəth edən böyük sənətkar idi. Bu məqamda Müslüm Maqomayevin azərbaycanlı olduğunu xüsusi vurğulamadan keçə bilmərik. Nə gözəl ki, sənətkarın həyatına həsr olunmuş belə bir layihəyə imza atıldı. Odur ki, layihə müəllifləri başda olmaqla serialın həyata keçməsində əməyi olan hər kəsə səmimi qəlbdən minnətdarlığımı çatdırıram.

Ekran işinin Rusiyanın ən çox izlənilən Birinci kanalında yayımlanması da sevindiricidir. Serial ilk bölümündən Rusiyada da, Azərbaycanda da yüksək reytinq qazandı. Xoşbəxtəm ki, milyonlarla tamaşaçının rəğbətini qazanaraq tarixə düşən maestro barəsində çəkilən layihədə mənə kiçik də olsa bir rol canlandırmaq nəsib oldu.

– Necə oldu ki, serialda çəkilmək şansı qazandınız?

– Aktyorların seçimini əslində “Best Cast” agentliyi həyata keçirirdi. Təklif həmin agentlik tərəfindən irəli sürülmüşdü, yeri gəlmişkən, onlara da öz minnətdarlığımı çatdırıram. Görkəmli musiqiçimiz haqqında belə bir serial çəkilməsi mənim üçün də sürpriz oldu. Daha sonra şəkillərim çəkildi və Moskvaya layihə müəlliflərinə göndərildi. Bir müddət sonra zəng edib dedilər ki, sizi video kastinqə dəvət edirik. Beləliklə video kastinqdən də müsbət cavab gəldi ki, layihədəki rolunuz təsdiqlənib. Müslüm Maqomayevin əmisi nəvəsi – Kamal obrazını təklif etdilər. Çox sevindim ki, rolum təsdiqləndi. Nə olsun ki, kiçik bir səhnə idi, rolun özü gözəl idi. Təsəvvür olunmayan duyğular yaşadım. Bu layihədə lap sözüm olmasaydı da, epizodik səhnə də olsa, çəkilməyə razı idim.

– Necə obraz canlandırmısınız?

– Müslüm Maqomayevin əmisi nəvəsi Kamal vaxtilə Fransaya köçmüş personajdır. Fransaya konsert verməyə gələn Müslümə Kamal ürək-dirək verir, fransız tamaşaçılarının zövq duyumundan xəbərdar olduğu üçün səhnə öncəsi musiqiçiyə öz tövsiyələrini verir, dayaq olmağa və həyəcanını azaltmağa çalışır ki, burada uğur qazansın.

Maraqlı bir məqam ondan ibarətdir ki, “Ata Ocağı” serialımızın ilk mövsümü bitdikdən sonra saçlarımı qısa kəsdirmək qərarına gəldim. Kamalın obrazını fransız dəbdəbəsinə uyğunlaşdırmışdım, qəribə formada saqqal saxladım. Qrim otağında qrim ustası məni görəndə dedi ki, Kamalı elə bu cür təsəvvür edirdim. Qəhrəmanın obraz və stilini aktyor həssaslığı ilə öncədən duymuşdum və çəkilişə tam hazır formada getmişdim. Təşkilatçılar Moskvadan 80-ci illərin dəbinə uyğun böyük bir qarderob gətirmişdi.

– Çəkilişlər necə keçdi? Rusiyalı rejissorla işləmək necə idi? Ümumiyyətlə, çəkilişlər harada baş tutdu?

– Çəkilişlərin böyük hissəsi Moskvada baş tutub. Canlandırdığım Kamal obrazı isə Parisdə yaşayan personaj idi. Çəkilişlər sözsüz ki, Parisdə çəkilməli idi. Amma bildiyiniz kimi, Bakı memarlıq baxımdan Parisi xatırladır. Odur ki, Bakının görməli yerlərini gəzən rusiyalı çəkiliş heyəti Parisə oxşayan küçələri tapdı və belə qərara gəlindi ki, Paris səhnələrinin hamısı Bakıda çəkilsin.

Çəkiliş meydançasına gələndə çəkilişlərə böyük hazırlıq gedirdi, küçələr bağlanmışdı, insanlar kənardan böyük maraqla izləyirdi ki, görəsən, burada nə baş verir. Ümumiyyətlə, işə böyük bir qrup cəlb olunmuşdu. Kadrlar Musiqili Komediya Teatrının ətrafındakı küçələrdə lentə alınıb.

Hər bir aktyorun arzusudur ki, həm vətənində, həm də kənarda, istər Rusiya, istər türk, istərsə də amerikan film və tamaşalarında öz potensialını göstərə bilsin, ölkəsini layiqli şəkildə təmsil etsin. O cümlədən mənim. Rusiya kanallarında yayımlanan hər hansı ekran işində çıxış etmək çoxdankı istəyim idi. Demək olar ki, bu arzum həyata keçdi, sevə-sevə rolumu qəbul etdim.

Rusiyalı rejissorlarla işləmək sözsüz ki, bir çox tərəfdən maraqlı idi, peşəkar komanda ilə çalışmaq bütün hallarda aktyor üçün üstünlükdür. Rejissorlar hazırlıqlı gəlmişdi, çəkdikləri filmin yükünün nə qədər ağır və dəyərli olduğunu dərk edirdilər.

– Bəs hansı təcrübəni qazandınız?

– 50 yaşım var, illərdir ki, kino və teatr sferasındayam, Azərbaycan incəsənətinə xidmət edirəm, çoxsaylı rollarımla yadda qalıram. Burada rus kino xadimlərinin iş prinsiplərilə tanışlıq imkanım oldu. İşə olan münasibət, məsuliyyət hissi və peşəkarlıq öz sözünü deyirdi. Bizdə də işə məsuliyyət var, amma komandalarının sayının çoxluğuna heyrətlənməyə bilmirdim. Hər bir insanın ayrı-ayrılıqda işi var idi. Bax belə komanda ilə işləmək təcrübəsinə sahib oldum. Hər şeyə xüsusi qayğı və peşəkarlıqla yanaşılırdı.

– Rusiyalı aktyorların sizə qarşı münasibətləri necə idi? Miloş Bıkoviç haqqında nə deyə bilərsiniz?

– Aktyorlar arasında milli ayrıseçkiliyi deyilən münasibət yoxdur. Hamımız kino işçiləriyik, bir-birimizə qarşı münasibət çox isti idi. Bir çox rusiyalı həmkarlarla, o cümlədən Miloş Bıkoviçlə tanış oldum, səmimi, ünsiyyətcil və sadə insandır. Həm Serbiyada, həm də Moskvada yetəri qədər tanınır. Çəkiliş müddətində onunla söhbətlərimiz oldu, Azərbaycan tarixi və mədəniyyəti ilə maraqlanırdı. Aktyorun öz səmimiyyətini qoruyub saxlaması ən önəmli xüsusiyyətlərdən biridir. Çünki bu, çəkiliş meydançasında özünü göstərir. Aktyor özündən bədgümandırsa, onun tərəf müqabili olmaq mürəkkəbləşir. Miloşda heç bir kapriz görmədim, eqoizmdən çox uzaqdır. O çalışırdı ki, tapşırılan rolun öhdəsindən gəlsin, hətta öyrəndim ki, bu rol ona təklif olunanda Müslüm Maqomayevin şəxsiyyətindən və sənətindən xəbəri olmayıb. Odur ki, bütün konsert və lent yazılarına baxıb ki, jest və mimikalarını mənimsəyə bilsin. Bakı və Azərbaycan haqqında çox suallar verirdi, adət-ənənələrimizlə maraqlanırdı.

– Serialın Azərbaycan üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Əlbəttə ki, çox böyükdür, layihə tarixdə qaldı. Rusiya kanalında Müslüm Maqomayevin həyat və yaradıcılığına həsr olunmuş layihənin göstərilməsi Azərbaycan üçün böyük bir uğurdur. Bu, bir daha göstərir ki, Azərbaycan torpağı dünyaya necə istedadlı şəxsiyyətlər bəxş edir. Bu filmə bütün millətlər baxır… Serial nümayiş olunmazdan əvvəl xəbərlərdə Müslüm Maqomayev həftəsi elan olundu. Qürurlanmalıyıq ki, belə bir sənətkarımız olub və onun haqqında Rusiya belə bir serial çəkdirir. Müslüm Maqomayev əvəzolunmaz səsi və ifaları ilə yaddaşlarda qaldı, nə xoş ki, o dahi şəxsiyyət Azərbaycanda, Fəxri Xiyabanda dəfn olunub.

– Elman bəy, Azərbaycanda belə layihələrin reallaşdırılması nə dərəcədə mümkündür? Kinomuz nə zaman o səviyyədə inkişaf edəcək?

– Tamaşaçılarımız Rusiya və Türkiyə seriallarını Azərbaycan serialları ilə eyni səviyyədə görmək istəyir. Gəlin keçmişə nəzər salaq, görün nə qədər irəliləyiş var. Türkiyənin keçmiş serial və filmləri də hazırda çəkilən televiziya layihələri ilə eyni deyil, böyük bir inkişaf yolu keçib. Müəyyən bir müddət keçməlidir ki, Azərbaycan filmləri inkişaf etsin. İnsanlar bu reallığı qəbul etməlidir.

Azərbaycan televiziyalarında yalnız ana dilimizdə film və serialların səsləndirilməsi haqqında qanun çıxanda, dublyajlara hamı öz iradını bildirirdi. Hər zaman çalışırıq ki, zəif tərəflərimizə atəş açaq. Amma görürük ki, bu gün dublyajımız kifayət qədər irəliləyib.

Bu fərqi əvvəl və indi çəkilən seriallarda da görə bilərik, inanılmaz dəyişiklik göz önündədir. İnkişafın bu sürəti imkan verəcək ki, gələcəkdə Azərbaycanda da belə layihələr həyata keçirək. Mümkündür, olmalıdır və olacaq da.

– Sizə elə gəlmirmi ki, ruslar bizdən daha çox dəyər verir Müslüm Maqomayevə?

– Müslüm bəy ömrünün çox hissəsini Rusiyada keçirsə və orada daha çox tanınsa da, azərbaycanlı olduğunu danmaq olmaz, bir azərbaycanlı oğlu olması ilə hər zaman fəxr etməliyik. Nə olsun ki, Toğrul Nərimanbəyov Fransada yaşayırdı, əslən ki, azərbaycanlıdır. Belə sənətkarlarımız çoxdur. Odur ki, peşəkarların film mövzusu kimi, Müslüm Maqomayevə müraciət etməsi daha çoxdur, çünki onlar bu işdə bizdən hazırkı dövrdə daha güclüdür.

Türkiyənin serial və film sektoru indiki mərhələyə 30 ilə çatıb, biz isə o mərhələyə daha sürətlə irəliləyirik. Çox güman ki, biz bu yolu daha qısa müddətə qət edəcəyik. Bu inkişafı indi hamımız görürük. Özümüzə və işlərimizə qiymət verməyə çalışmalıyıq ki, yavaş-yavaş onu yuxarı qaldıraq… Rejissor və aktyorları dəyərləndirək ki, onlar da bundan ilhamlanıb böyük işlərə imza atsınlar. Aktyorlarımız da öz növbəsində azərbaycan tamaşaçısına dəyərli işlər təqdim etsinlər. İrəli getmək üçün bir-birimizə dəstək olmalıyıq. Gəlin özümüzü qoruyaq!

Aytən Məftun