Məşhur bəstəkar və müğənni Murad Arif hərbi vətənpərvərlik mövzusunda yeni mahnısını təqdim edib.
O bu barədə sosial media hesabında məlumat verib. Müğənni qeyd edib ki, bu nəğmə üçün daha münasib vaxt ola bilməzdi:
“Mən heç vaxt vətənpərvərlik mövzusunda yazmadım… “İçimdən gəlmədi” deyil, pafoslu, saxta olmasından çəkindim. Bu, kamança və rok qarışıqlı musiqi hələ 2016-ci il, Aprel hadisələrindən təsirlənib yazılmışdı. Amma, dörd il, düz dörd il hazır nəğmənin sözlərini yaza bilmirdim. Nəhayət, bu həftə, içimdəki hisslər, musiqiyə uyğun oldu”.
Müğənni bildirib ki, bu mahnı ilə bütün enerjisini, arzularını, duyğularını bütün ölkənin, hərbçilərin duymasını istəyir:
“Mən musiqinin gücünə inanıram. Diləyin gücünə inanıram. Bütün xalqın bu gün bir arzusu var. İstərəm ki, bu nəğmə hər dəfə radiolardan səslənəndə, hamı eyni zamanda Qələbə arzulasın. İstərəm ki, Qələbə gerçək olsun!”
Qeyd edək ki, mahnının aranjimanı Rəşad Bağırova aiddir.