Müharibə xarabalıqları üzərində yaradılan cənnət – Dünya mətbuatının gözü Qarabağda

0
309

Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpaetmə işləri, bölgənin minalardan təmizlənməsi davam etdirilir. Bütün bunlar Qarabağ regionunun gələcək inkişafı, keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtması üçün mühüm əhəmiyyət kəsb edir. Bu ərazilərdə bərpaetmə işləri dünyanın aparıcı media qurumlarının da diqqət mərkəzindədir.

Məsələn, bu yaxınlarda ABŞ-ın məşhur “Foreign Policy” və Böyük Britaniyanın tanınmış “Financial Times” nəşrləri bölgədən reportajlar hazırlayıblar.

“Kaspi” qəzeti sözügedən reportajları təqdim edir:

Azərbaycanın qələbəsinin bariz nümunəsi

“Foreign Policy” nəşrinin yazarı Liz Kukman azad edilmiş ərazilərə səfərindən bəhs edən məqaləsində qeyd edir ki, dağın zirvəsində yerləşən Şuşa şəhəri ötən ilin payızında baş vermiş müharibədə Azərbaycanın qələbə qazanmasının bariz nümunəsidir: “Ermənistanla Azərbaycan arasındakı 44 günlük müharibədə ən qanlı döyüşlərdən biri məhz Şuşada baş verib. Xatırladaq ki, İkinci Qarabağ müharibəsi zamanı ümumilikdə 6 mindən çox insan həyatını itirib. Azərbaycan isə müharibənin başa çatmasından bir il sonra Şuşanı turistik kurorta çevirməyə çalışır”.
Müəllifin sözlərinə görə, Şuşaətrafı ərazilər minalardan təmizlənib: “Şuşa ilə Azərbaycanın digər əraziləri arasında yollar başgicəlləndirici sürətlə tikilir. Oktyabrın 26-da Füzulidə bölgənin ilk beynəlxalq hava limanı açılıb. Son 10 ayda isə Füzulini Şuşa ilə birləşdirən 60 millik Zəfər yolu çəkilib. Şuşada iki otel təmir edilib. Bu ay dəmir yolunun tikintisi ilə bağlı işlərə başlanılıb”.

Şuşanın turistik mərkəzə çevrilməsi

L.Kukman Şuşanın Qarabağın “qəlbi” olduğunu vurğulayır: “Ətrafı sıldırımlı qayalarla əhatə olunan bu təbii qala strateji əhəmiyyət kəsb edir”.
Müəllif qeyd edir ki, Azərbaycan Ordusunun məhz Şuşa şəhərini azad etməsindən sonra Ermənistan atəşkəs müqaviləsi imzalamağa razılaşıb: “Azərbaycan Şuşa şəhərini bu ilin mayında mədəniyyət paytaxtı elan edib. Sovet dönəmində Şuşa kurort idi. Azərbaycan dövləti bu şəhəri döyüş meydanından turistik şəhərə çevirməyə çalışır. Bu, Bakının regionda hakimiyyətini gücləndirməklə bağlı planlarından biridir. Qeyd edək ki, Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayon beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Bu gün Azərbaycan dövləti etnik ermənilərin yaşadığı əraziləri ölkəyə reinteqrasiya etməyə çalışır. Məsələn, regionun elektrik şəbəkəsi Azərbaycanın digər ərazilərinə birləşdirilir, yollar çəkilir”.

“Hazırkı plan infrastrukturun bərpasıdır”

“Foreign Policy” nəşrinin yazarı Azərbaycan Xarici İşlər Nazirliyinə istinad edərək bildirir ki, 750 mindən çox azərbaycanlı gələn ildən etibarən azad edilmiş ərazilərə köçürüləcək: “Amma azərbaycanlıların Şuşaya köçürülməsi üçün bir az artıq vaxt lazım olacaq”.

Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov “Foreign Policy” nəşrinə bildirib ki, Şuşada yaşayış binalarının tikintisi 1,5 ilə başa çatacaq: “Amma gələn ildən etibarən şəhərin turistləri qəbul edəcəyi gözlənilir. Bizim hazırkı planımız elektrik təchizatı kimi infrastrukturun bərpa edilməsidir. Bundan əlavə, Şuşa sakinlərinə imkanların yaradılması nöqteyi-nəzərdən şəhərin inkişaf etdirilməsini düşünürük”.

A.Kərimov ümid edir ki, turizm sahəsinin inkişafı regionun iqtisadi artımında mühüm rol oynayacaq: “Biz turistləri qəbul etmək üçün əlimizdə olan imkanlardan istifadə edirik. Turistləri qəbul etmək üçün onlara xidmət göstərəcək insanlara ehtiyac duyulur. Demək, Şuşanın gələcək sakinlərinə iş yerləri ilə bağlı böyük imkanlar yaranacaq”.

L.Kukmanın sözlərinə görə, Şuşanın bərpası bütün Azərbaycanda sevinclə qarşılanır: “Lakin ən çox xoşbəxt olan şəxslər Şuşadan uzun illər ərzində didərgin düşən sakinlərdir. Xatırladaq ki, Birinci Qarabağ müharibəsindən əvvəl Şuşada 16 min insan yaşayırdı. Onlar Şuşadan didərgin düşdükdən sonra təxminən 30 il müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. İndi isə onlar geri qayıdırlar”.

Küllərindən yenidən “doğulan” şəhər

Böyük Britaniyanın nüfuzlu “Financial Times” nəşrinin əməkdaşı Ayla Yakli Qarabağ regionuna səfəri ilə bağlı məqaləsində qeyd edir ki, Türkiyə şirkətlərinin gələcək onilliklərdə Qarabağda həyata keçirəcəyi layihələrin ümumi dəyəri 15 milyard dollara çata bilər: “Azərbaycanın dövlət başçısı İlham Əliyev söz verib ki, İkinci Qarabağ müharibəsi zamanı ölkəsi ilə dostluq münasibətləri olan ölkələrin şirkətləri bərpa işlərindən faydalana biləcək. Əlbəttə ki, həmin vaxt Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ən yaxın müttəfiqi olub”.

O məlumat verir ki, bu yaxınlarda açılış mərasimi keçirilən Füzuli Beynəlxalq Hava Limanının tikintisinə Türkiyə şirkətləri yardım göstərib.

A.Yaklinin sözlərinə görə, Azərbaycan dövləti Şuşanı, Ağdamı və müharibə nəticəsində dağıdılmış digər rayonları bərpa edir: “Bununla Bakı təxminən 30 il əvvəl regiondan didərgin düşmüş yüz minlərlə azərbaycanlı məcburi köçkünün geri qaytarılmasına zəmin yaradır”.

“Ruhlar şəhəri” Ağdamda ultramüasir şəhərin yaradılması planının həyata keçirilməsinə nəzarət edən azərbaycanlı rəsmi Emin Hüseynov hesab edir ki, bölgənin çiçəklənməsi nəticə etibarı ilə sülhə səbəb olacaq”, – deyə Böyük Britaniya nəşrində qeyd edilir.

E.Hüseynov rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərdəki evləri göstərərək həmin kənddə ermənilərin yoxsulluq şəraitində yaşadığını deyir: “Ağdam şəhərinin küllərindən yenidən “doğulmasını” təsəvvür edin. Ermənilər bunu görəcək, burada iş axtaracaq və bizimlə dostlaşacaq. Bu, yaxşı siyasətdir. Nəticədə, müharibə aparmağa belə ehtiyac duyulmayacaq”.