Müflisləşən sığorta şirkətinin 131 min manatlıq əmlakı satıldı

0
411

Ləğvetmə prosesində olan ASC “Standard Insurance” sığorta şirkətinin əsas vəsaiti və əmlakının bir hissəsinin hərrac yolu ilə satışı həyata keçirilib.

Şirkətin ləğvetmə komissiyasından bildirilib ki, məhkəmənin müflis olma ilə əlaqədar 2020-ci il sentyabrın 14-də vermiş olduğu qərarın qüvvəyə mindiyi gündən etibarən sığorta şirkətinin balansında olan 11 ədəd avtomobil və bir sıra digər avadanlıqlar hərrac yolu ilə satılıb. Satılmış avadanlıqlar və avtomobillərdən ümumilikdə 130 min 743 manat vəsait əldə olub.

Şirkətinin əsas vəsaiti və əmlakının bir hissəsinin hərrac yolu ilə satışı “Bakı Hərrac Mərkəzi” MMC və “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən həyata keçirilib.

Ləğvetmə komissiyası, həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyətinin 2020-ci il 19 may tarixli müvafiq qərarı ilə şirkətin sığorta fəaliyyəti üzrə lisenziyası ləğv edilib və məhkəmənin müflis olma ilə əlaqədar vermiş olduğu qərar 2020-ci il sentyabrın 14-də qüvvəyə minib.