Müddət başa çatır: Kompensasiya ala bilməyənlərin taleyi necə olacaq

0
753

Ekspert: “Kompensasiyaların verilməsi müddətinin başa çatmasına baxmayaraq Azərbaycan Prezidentinin imzaladığı fərmanın icra müddəti ilin sonunda başa bitir”

Bu həftə bəzi problemli kreditlərə kompensasiyaların ödənilməsi müddəti başa çatır. Bu həftə kompensasiya ala bilməyənlər sonrakı aylarda bu güzəştlərdən istifadə edə biləcəklərmi?

İqtisadçı-ekspert Vüqar Bayramov “Facebook“dakı səhifəsində məsələ ilə bağlı yazıb ki, kompensasiya almaq hüququ olan, amma fərqli səbəblərdən, o cümlədən texniki səbəblərdən pullarını ala bilməyənlər may ayından sonra da bu imkandan istifadə edə biləcəklər: “Məsələn, vətəndaşa 1500 manat kompensasiya hesablanıb, amma onun hələ də almayıb və kompensasiyaların verilməsi müddəti də 2 gündən sonra başa çatır. Bu halda vətəndaşımız may ayında kompensasiya ala bilməsə də ona vəsait hesablandığı üçün növbəti aylarda bu imkandan yararlana biləcək. O baxımdan, may ayında kompensasiya ala bilməyənlər, amma bu hüququ olanlar üçün vəsait ödənişi həyata keçiriləcək”.

Ekspert problemli kreditlərin restrukturizasiyasının nə üçün yubanması məsələsinə də aydınlıq gətirib: “Kompensasiyaların sürətli verilməsinə rəğmən problemli kreditlərin restrukturizasiyası prosesi nisbətən gec başlayıb. 600 mindən artıq vətəndaşımızın kompensasiya hüququ yaranıb və 300 minədək vətəndaşlarımızın problemli kreditlərin restrukturizasiya olunacaq. Bu baxımdan, birinci mərhələdə diqqət kompensasiyaların verilməsinə yönəldildi və gələn aydan etibarən problemli kreditlərin restrukturizasiyası daha intensiv həyata keçiriləcək. O baxımdan, krediti restrukturizasiyası olunacaq, amma hələ də bu güzəştdən istifadə edə bilməyənlər gələn aydan etibarən güzəştli kredit şərtləri əldə edəcəklər”.

Onun sözlərinə görə, kompensasiyaların verilməsi müddətinin başa çatmasına baxmayaraq Azərbaycan Prezidentinin imzaladığı fərmanın icra müddəti ilin sonunda başa bitir: “Buna görə də, müraciətlərinə müsbət cavab alan vətəndaşlarımız növbəti aylarda kompensasiya ilə təmin olunacaqlar”.

Apellyasiya Komissiyasından mənfi cavab alan, amma kompensasiya almaq hüququnun olduğunu iddia edən vətəndaşlarımız növbəti mərhələdə nə edə bilərlər sualına cavab olaraq ekspert yazıb ki, Azərbaycan qanunvericiliyinə əsasən vətəndaş komissiyanın qərarından məhkəməyə müraciət edə bilər: “Məhkəmə vətəndaşımızın xeyrinə qərar qəbul etdiyi və bütün instansiyalar keçildiyi halda həmin şəxsə kompensasiya ödəniləcək”.