Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

0
427

İyulun 16-dan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır. Bu proses iyulun 25-dək (son tarix daxil olmaqla) davam edəcək.

Müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Hər il olduğu kimi, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil ediləcək. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası və təlim strategiyalarına aid suallar təqdim ediləcək. Bu ildən namizədlərə məntiq üzrə suallar təqdim edilməyəcək. Namizədlər vakansiya seçimini müsabiqənin test imtahanı mərhələsindən sonra edə biləcəklər. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

Ölkədə mövcud olan sanitar-epidemioloji vəziyyəti və Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya şəraitində imtahanların keçirilməsinə dair tələb və tövsiyələrini nəzərə alaraq, builki müəllimlərin işə qəbulu müsabiqəsinə əvvəlki illərdən fərqli olaraq xüsusi şərtlər tətbiq ediləcək.

• Müsabiqənin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində, bir məkanda deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə əvvəlcədən elan edilmiş qrafikə uyğun olaraq təşkil ediləcək.

• Hər bir imtahan mərkəzində eyni zamanda imtahanda iştirak edəcək namizədlərin və təşkil ediləcək imtahan sessiyaların sayına məhdudiyyət tətbiq ediləcək.

• İmtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID – 19 testindən keçiriləcək.

• Builki imtahanda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə hazırda dövlət ümumi təhsil müəssisələrində çalışan və imtahanda iştirak etməkdə əsas məqsədi özünü sınamaq, əvvəlki imtahanda qazandığı nəticələri yaxşılaşdırmaqla iş yerini dəyişdirmək və ya ikinci iş yeri qazanmaq olan müəllimlər bu imtahanlarda iştirak etməyəcəklər. Bu namizədlərə növbəti aylarda əlavə olaraq təşkil ediləcək yerdəyişmə, qarşılıqlı yerdəyişmə və ya təkrar müəllimlərin işə qəbulu müsabiqəsində (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq) iştirak etmək imkanı təqdim ediləcək.

• Müsabiqənin müsahibə mərhələsi onlayn şəkildə təşkil ediləcək.

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı tamamlandıqdan sonra müsabiqənin test mərhələsinin təşkil ediləcəyi imtahan mərkəzlərinin yerləri və həmin mərkəzlərdə imtahanın təşkil ediləcəyi tarixlər barədə məlumat namizədlərin elektron kabinetlərinə göndəriləcək.