Müəlliməsi 18 yaşlı şəhiddən danışdı: “Diş texniki olmaq istəyirdi…” – FOTO

0
167

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat zamanı şəhid olan 2004-cü il təvəllüdlü əsgər Amin Rasim oğlu Qəfərli indi İkinci Şəhidlər Xiyabanında, hərbçi qardaşları ilə bərabər dəfn olunub.

Şəhidin haqqında məlumat əldə etmək üçün ailəsi ilə danışmağa çalışsaq da, dərdlərini başa düşüb təhsil aldığı məktəblə əlaqə saxladıq. 

297 nömrəli məktəbin müəlliməsi, Aminin sinif rəhbəri Məlahət müəllimə ilə onun üçün çətin olsa da, həmsöhbət olduq. Düzü, müəllimə şagirdinin itkisi ilə barışa bilmir deyə, çox danışa bilmədi:

“Heç bilmirəm nə danışım… Amin bala dünən gecə torpağa tapşırıldı, bu gün yas mərasiminə getdik. Anası da bilmir nə desin… Çox ağıllı, tərbiyəli, savadlı uşaq idi. Anası, atası da gözəl insanlardır. Elə orada oldu mərasimi, çox adam gəlmişdi”. 

“Bəs, arzuları, istəkləri barədə nələr danışırdı?”, sualına isə o, belə cavab verdi:

“Heç nə danışmırdı… Diş texniki olmaq istəyirdi, texnikuma hazırlaşırdı. Bir az hazırlaşdı, dayandı. Ondan sonra da əsgər getdi”. 

Məlahət müəllimə şəhid şagirdi barədə sözlərini göz yaşları ilə sonlandırdı. Çox məyus, çox kədərli idi.

Qeyd edək ki, əslən Zəngilan rayonunun Zərnəli kəndindən olan Amin Qəfərli ailəsi ilə birgə Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində məcburi köçkün yataqxanasında yaşayıb.