MTRŞ-nın yeni cəzası effekt verir – Telekanallar artıq qanunları poza bilməyəcəklər

0
414

Qulu Məhərrəmli: “Mən televiziyaların çox cəzalandırılmasının tərəfində deyiləm. Amma televiziyalar da xəbərdarlıqlara, tövsiyələrə əməl etməlidir ki, yayım keyfiyyəti yüksəlsin”.

Bu günlərdə Milli Televiziya və Radio Şurası (MTRŞ) ümumrespublika teleradio yayımçıları ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb. MTRŞ-nın yaydığı hesabata görə, ötən il ərzində ümumrespublika televiziya və radio kanalları tərəfindən teleradio yayımı haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması hallarına yol verilib.

Hesabatda bildirilir ki, yayımçılar “Televiziya və radio yayımı haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, eləcə də “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qəbul edilmiş qanunların bir sıra müddəlarını pozublar.

Qeyd edək ki, MTRŞ hər il öz hesabatında telekanalların yol verdiyi qanun pozuntularını açıqlayır. Buna baxmayaraq, bu hallar telekanallar tərəfindən təkrarlanır.

Tv-yə baxan adam

MTRŞ-dan bildiriblər ki, qurum öz üzərinə düşən vəzifəni icra edərək monitorinqləri davam etdirir:

“Qanunvericiliyin tələblərini pozan telekanallara müxtəlif məbləğdə cərimələr edilir. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə 5000 manat cərimə cəzası tətbiq edilib. Ötən ildən başlayaraq telekanallara efirin bir neçə saatlıq dayandırılması sanksiyası tətbiq edilir. Efirin bir neçə saatlıq dayandırılması cəza metodu olaraq effekt verir. Ümumilikdə, aparılmış monitorinqlər göstərib ki, Şura tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində 2020-ci ilin ikinci yarısında televiziya və radio yayımı haqqında qanunvericiliyin tələblərinə yayımçılar tərəfindən riayət olunması istiqamətində müsbət dinamika müşahidə edilib”.

Azad Azərbaycan Telekanalının (ATV) icraçı direktoru İsmayıl Həsənov açıqlamasında bildirib ki, telekanallar qanunun tələblərini bilərəkdən pozmurlar. Onun sözlərinə görə, bu sırf texniki məsələlərdir:

“Telekanallarda qanunvericiliyin pozulması təkcə reklamlarla bağlı deyil. Bəzən filmlərdə gözdən qaçan kadrlar efirə gedir. Reklamla bağlı məsələlər isə bilərəkdən edilmir. Bu, işin texnologiyası ilə bağlıdır. Bəzən aparıcılar sponsordan danışdıqda limiti keçirlər. Heç bir telekanal efirin dayandırılmasını istəmir. Sadəcə olaraq bundan əvvəl telekanallara bu qanun pozuntularına görə güzəştlər edildiyindən sistem buna öyrəşmişdi. İndi qanunun tələbləri sərt şəkildə qarşımıza qoyulduqda bu problem aradan qalxacaq”.

Azərbaycan manatı, arxiv şəkli

Teletənqidçi Qulu Məhərrəmli isə bildirib ki, MTRŞ-nın bu hesabatı telekanalları qanuna əməl etməyə sövq edir. Onun sözlərinə görə, bu, həm də sözügedən qurumun öz işini yenidən qurduğunu göstərir:

“Mən televiziyaların çox cəzalandırılmasının tərəfində deyiləm. Amma televiziyalar da xəbərdarlıqlara, tövsiyələrə əməl etməlidir ki, yayım keyfiyyəti yüksəlsin. Biz qanunlar əsasında işləməyi öyrənməliyik. Bunların hamısı ona xidmət edir ki, ölkədə yayım standartları formalaşsın. MTRŞ-nın yayımı bir neçə saat dayandırmasından televiziyalar ciddi nəticə çıxartmalıdır. Efirin dayandırılması arzuolunan hal deyil. Ona görə də monitorinqlərin nəticələrinə telekanallar ciddi baxmalıdırlar. Telekanalların işini yaxşılaşdırmaq məqsədilə daha sərt addım atılmaması üçün telekanallar elə davranmalıdır ki, bu cür cəzaya məruz qalmasınlar”.

Q.Məhərrəmli deyir ki, pandemiya və müharibə şəraitinə, reklamın azalmasına baxmayaraq televiziyalar bu dövrdə auditoriyanı özlərinə qaytara biliblər: “Telekanallar 2021-ci ildə də bu uğuru davam etdirməyə, yeni layihələrlə auditoriyanı əldə saxlamağa çalışmalıdırlar”.