MTK rəhbəri eyni mənzili 70-dən çox vətəndaşa satıbmış

0
180

Azərbaycanda eyni mənzili ayrı-ayrı şəxslərə satmaqda təqsirləndirilən “Star-M” MTK-nın rəhbəri Məhərrəm Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

Toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Vüqar Quliyevin icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Cinayət işi üzrə 72 zərərçəkmiş var.

Qeyd edilir ki, ötən il “Star-M” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

İstintaqla həmin MTK-nın təsisçisi və sədri, eyni zamanda “ŞANS” MTK-nın faktiki rəhbəri olmuş Məhərrəm Məhərrəmovun 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi kooperativlər tərəfindən inşa olunmuş yaşayış binalarında mövcud 17 mənzilin saxta müqavilə və maliyyə arayışlarının tərtib edilməsi yolu ilə 36 nəfər şəxsə, eləcə də satılması qanunvericiliklə qadağan edilən 7 qeyri-yaşayış sahəsinin mənzil qismində eyni üsulla 14 nəfər şəxsə satılmasına nail olaraq ümumilikdə vətəndaşlara məxsus 3 milyon 166 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Məhərrəm Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.