Moskvaya kütləvi hücum: Binalar, avtomobillər yanır, qatarlar dayanıb, aeroport bağlanıb

0
33

Hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan 69 pilotsuz uçan aparatı vurub.

Bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib.

“Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri indiyədək Moskvaya doğru uçan düşmənin 69 pilotsuz təyyarəsini vurub”, – Sobyanin Telegram kanalında deyib.

Səlahiyyətlilər və Telegram kanallarının məlumatına görə, evlərə və avtomobillərə ziyan dəyib.

Belə ki, bir pilotsuz təyyarə Ramenskoyedə çoxmərtəbəli binaya çırpılıb. Ən üst mərtəbədəki mənzildə yanğın başlayıb. İlkin məlumata görə, xəsarət alan olmayıb.

Bundan başqa, Vidnoyedə bir neçə çoxmərtəbəli binaya da ziyan dəyib. Binalardan birinin dam örtüyü sındırılıb.

Pilotsuz təyyarələrdən biri Vısoki Bereq kottec kəndində fərdi yaşayış evinin üzərinə düşüb, digəri isə Moskvanın Domodedovskaya küçəsindəki çoxmərtəbəli binaya ziyan vurub.

Bundan əlavə, PUA-nın dağıntıları Domodedovo dəmir yolu stansiyasının ərazisinə düşərək yolun bir hissəsini zədələyib.

Domodedovonun rəhbəri Yevgeniya Xrustalevanın sözlərinə görə, Ukrayna pilotsuz təyyarələrinin hücumu səbəbindən Domodedovo dəmir yolu vağzalından Moskvaya və regiona doğru qatarların hərəkəti məhdudlaşdırılıb.

Onun sözlərinə görə, yanğın Domodedovo şəhər rayonundakı Miratorq dayanacağında pilotsuz təyyarənin hücumu nəticəsində baş verib.

Mətbuat orada böyük yanğının başladığını yazır. 20-dən çox avtomobilə ziyan dəyib.

“Rosaviatsia”nın verdiyi məlumata görə, Moskvanın Şeremetyevo hava limanında təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.