Moskvada Azərbaycanın Rusiyadakı Səfirliyinin yaxınlığındakı meydanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsinin təməlqoyma mərasimi keçirilib.
Xatirə lövhəsində deyilir: “Burada ikiqat Sosialist Əməyi Qəhrəmanı, görkəmli dövlət və siyasi xadim, SSRİ Nazirlər Sovetinin Baykal-Amur Magistralının tikintisi və istifadəsi üzrə komissiyasının sədri Heydər Əliyevin abidəsi qoyulacaq”.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Moskva şəhərinin meri Sergey Sobyanin, Rusiya Baş nazirinin müavini Vitali Savelyev, Baykal-Amur magistralının tikintisinin veteranları, SSRİ Nəqliyyat Nazirliyi və başqaları iştirak ediblər.
Heydər Əliyev SSRİ Nazirlər Sovetinin Baykal-Amur Magistralının tikintisi və istifadəsi üzrə Komissiyanın sədri vəzifəsini tutub, bu strateji əhəmiyyətli layihənin inkişafına böyük töhfə verib. Moskvada abidənin qoyulması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sovet İttifaqı qarşısında Baykal-Amur Magistralının tikintisi və istifadəsindəki xidmətlərinin tanınmasını simvolizə edir.