Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu elan etməsi və rus sərhədçilərin ölkədən çıxarılmasını gündəmə gətirməsindən sonra Lavrovun İrəvana ünvanlanmış “münasibətlərə yenidən baxmaq” haqda açıqlaması kəskinləşmənin ritorikadan praktiki müstəviyə keçə biləcəyi deməkdir. Hərçənd, Rusiya və Ermənistanı bir-birinə bağlayan və bir-birinə qarşı istifadə edə biləcəyi kartlar tükənməyib.
Rəsmi İrəvanın hərbi müstəvidə Moskvadan imtina xəttini seçdiyi aşkardır:
– Fransa başda olmaqla yeni hərbi müttəfiqlərə “yelkən açan” Ermənistanın Rusiya və KTMT-nin “təhlükəsizlik çətiri”ni əvəzləmək imkanları var;
– Çıxarmaq istədikləri Rusiya sərhədçilərinin yerini də erməni hərbçilər və Avropa İttifaqı müşahidəçiləri ilə doldura bilər;
Mövcud vəziyyətdə 102-ci hərbi bazanın çıxarılmasını gündəmə gətirəcəkləri ehtimalı isə azdır, çünki bu, Rusiyanın “tarana getməsi” üçün “qırmızı xətti”dir. Bu baxımdan, İrəvan Moskvanın praktiki müdaxiləsinə qarşı “əl yeri” qoymaqla “təhlükəsizlik çətirinin” diversifikasiya edilməsi siyasətini izləyir, bununla həm də Qərbin anti-Rusiya addımları atmaq tələbini kiçik gedişlərlə inkişaf etdirir.
İrəvanda Moskva qarşısında iki üstünlüyə malik olduqlarını da hesab edirlər:
– Ukrayna müharibəsi davam etdiyi müddətdə Moskva onlara qarşı praktiki addımlardan son ana qədər çəkinəcək;
– Moskva İrəvanı sanksiyaların dəlinməsində platforma olaraq istifadə edir, son iki ildə Ermənistanın Rusiyaya ixracının dəfə artması da bundan qaynaqlanır;
Moskva da “qırmızı xətlərin” keçilmədiyi müddətdə İrəvana müdaxilədən yayınır, çünki bu, Paşinyan hakimiyyətinin anti-Rusiya siyasətinə haqq qazandıra, onların Ermənistanda manevr imkanlarını azalda bilər. Bununla yanaşı, Ermənistanın iqtisadi baxımdan Rusiyadan asılılığı və hərbi müstəvidən fərqli olaraq, iqtisadi müstəvidə alternativ tapmaq imkanının azlığı Moskvanı sakitləşdirən amillərdəndir.
Bütün bunların fonunda Rusiya-Ermənistan qarşıdurması daha çox ritorik “hay-küyə” bənzəyir. Hərçənd Moskvada onu da anlayırlar ki, yalnız ritorik cavablarla kifayətlənmələri Ermənistana Rusiyanın çıxarılması imkanlarının tapılması üçün zaman qazandıra bilər. Buna görə Lavrovun açıqlaması və Mirzoyanla telefon söhbətinin son xəbərdarlıq ola biləcəyi ehtimalı mümkündür.
Moskvanın İrəvanı necə cəzalandıracağı, yaxud cəzalandırmaq imkanlarının nə qədər qaldığı da maraqlıdır.
Birincisi, siyasi müxalifət üzərindən Paşinyan hakimiyyətinə təsir etmək imkanı azdır, hətta yeni fiqurlar irəli sürülsə belə erməni cəmiyyətinin iqtidara qarşı müxalifətin çətiri altında birləşməsi perspektivi zəif görünür;
İkincisi, Qasparyan qiyamından sonra erməni ordusu daxilində Rusiyayönümlü komandanın mövqeləri zəifləyib və bu, hərbi şəbəkənin hərəkətə keçməsinin də nəticə verə biləcəyini sual altına salır;
Üçüncüsü, iqtisadi rıçaqların işə salınmasıdır. Ki, bu rusların əlində ən təsirli vasitə kimi görünür:
– erməni maşınlarının Lars yoluna buraxılmaması;
– sanksiyaların dəlinməsində platforma kimi Ermənistandan imtina edilməsi;
– Rusiyadan Ermənistana “köçürmələrin” məhdudlaşdırılması;
– erməni miqrantların müəyyən qisminin geri qaytarılması ilə narazı elektoratın artırılması;
Bunlar Moskvanın İrəvana qarşı iqtisadi müstəvidə ata biləcəyi ilkin addımlardır, lakin kifayət qədər effektli ola bilər. Rusiya iqtisadi rıçaqlardan istifadə etməklə erməni cəmiyyətində nail ola bilmədiyi siyasi etirazı sosial etirazla əvəzləyə və hakimiyyətə ən azı təzyiq edə bilər.