Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik

0
77

Moskva Rusiya qoşunlarının Ermənistandan çıxarılması planlarının İrəvan, Brüssel və Vaşinqton arasında razılaşdırıldığı barədə məlumatlara Ermənistan hakimiyyətindən aydın reaksiya gözləyir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Əvvəllər İrəvanda onlar açıq şəkildə əmin etdilər ki, Qərb ölkələri ilə münasibətlərin inkişafı üçüncü ölkələrə qarşı yönəlməyib. Bütün hallarda söz rəsmi İrəvana məxsusdur”, – Zaxarova mediada yazılanları şərh edərkən bildirib.

Eyni zamanda, rusiyalı diplomatın fikrincə, “Ermənistanın müdafiə və təhlükəsizlik dayanıqlığının yaradılması” adlı sənəddə əksini tapmış Rusiya hərbi bazası və Rusiya sərhədçilərinin qərbli mütəxəssislərlə əvəzlənməsini nəzərdə tutan planlar Moskvanı təəccübləndirmir.

“Aydındır ki, Brüssel və Vaşinqton Ermənistan və Rusiya arasında həm təhlükəsizlik, həm də iqtisadiyyat sahəsində bütün əlaqələri məhv etmək, KTMT və Aİİ əsasında regional təhlükəsizlik və regional tərəfdaşlıq mexanizmlərini sarsıtmaq məqsədi qoyublar”, – Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib.

Rusiya diplomatının fikrincə, Ermənistana ancaq ABŞ və Aİ-nin yeni böyük yanğını alovlandırmaq istədiyi alət rolu həvalə edilib.

Zaxarova qeyd edib ki, yuxarıda qeyd olunan Qərb tədbirlərinin hansısa şəkildə Ermənistanın müdafiə qabiliyyətini gücləndirəcəyinə, sərhəd təhlükəsizliyini və iqtisadi rifahını artıracağına inanmaq sadəlövhlükdür.

“Əksinə, Ermənistanı hər şeydən – müdafiədən, iqtisadiyyatdan, enerjidən məhrum etmək istəyirlər ki, bunun müqabilində qeyri-mümkün yol xəritələri, kağız planlar və digər sonsuz demaqogiyalar var, sonda onlar dəfələrlə başqa ölkələrlə etdikləri kimi, Ermənistanı tərk edəcəklər”, – Zaxarova bildirib.

Xatırladaq ki, aprelin 5-də Brüsseldə baş nazir Nikol Paşinyanla ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında yüksək səviyyəli görüş baş tutub. İclasın nəticəsi olaraq Aİ Ermənistanın inkişafı üçün 270 milyon avro, ABŞ isə 65 milyon dollardan çox vəsait ayıracaq.