“Moody’s”: Azərbaycan karbohidrogen sektorundan asılılığını azaldır

0
29

Azərbaycan və Qazaxıstan karbohidrogen sektorundan asılılıqlarını azaldır.

Bunu “Moody’s” beynəlxalq reytinq agentliyi bəyan edib.

Agentliyin hesabatına əsasən, MDB ölkələri tədricən iqtisadiyyatlarını böyüdür və şaxələndirirlər: “Neft ixracatçıları olan Azərbaycan və Qazaxıstan karbohidrogen sektorundan asılılıqlarını azaldır. Bunu 10 il əvvəllə müqayisədə adıçəkilən dövlətlərin iqtisadiyyatlarında qeyri-neft sektorunun payının artması göstərir. Məsələn, hər iki ölkə üçün nəqliyyat və logistika sektoru genişlənib, bu da Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Ticarət Marşrutu boyunca yük tranzit fəaliyyətinin sürətli artımı ilə əlaqədardır”.

“Moody’s”in analitiklərinin fikrincə, MDB ölkələrinin qlobal dəyər zəncirlərində iştirakı, regiondan keçən qlobal ticarətin artması ilə yüksəlib: “Beynəlxalq Valyuta Fondunun (IMF) tədqiqatına görə, Azərbaycan, Qazaxıstan, Ermənistan və Özbəkistan istehsalatda xarici investisiyalardan istifadəni artırıb və Rusiyanın azalan töhfəsi fonunda qlobal ticarət və istehsalatda yeni mövqelərindən faydalanır. Bu ölkələrin hökumətləri iqtisadiyyatlarını böyütmək və şaxələndirmək, rəqabəti yaxşılaşdırmaq üçün genişmiqyaslı milli proqramlar həyata keçiriblər. Bu da institusional islahatlar və çoxsaylı hökumət xərcləri ilə dəstəklənib. Eyni zamanda, onlar özəl sektoru yeni investisiya imkanları vasitəsilə maliyyə yükünü bölüşməyə təşviq ediblər. Nəticədə yerli banklar və inkişaf qurumları uzunmüddətli beynəlxalq borclanmaya olan meyilləri tədricən artırır”.

Hesabatda həmçinin qeyd edilib ki, Azərbaycanda maliyyələşdirmə sahəsində artan rəqabət kiçik bankları beynəlxalq maliyyə qurumlarından borclanmaları artırmağa sövq edir: “Eyni zamanda, böyük yerli banklar da ehtimal ki, avroistiqrazlar buraxacaqlar, lakin onların ümumi həcmi ikitərəfli maliyyələşdirmənin ümumi həcmi ilə müqayisədə əhəmiyyətli olmayacaq. MDB banklarının topdan borclanması üçün monetar və iqtisadi şərtlər əlverişlidir. Son bir neçə ildə, MDB iqtisadiyyatları iqtisadi və geosiyasi şoklara baxmayaraq böyüməyə davam ediblər. Qazaxıstan, Azərbaycan və Özbəkistanda inflyasiya təzyiqləri azalıb və bu da yerli valyutanın daha böyük sabitliyi ilə birlikdə, risk mükafatlarının azalması nəticəsində banklara daha ucuz borclanmağa imkan verib”.