Moldovalı Paralimpiya çempionu Bakıda

0
460

Moldova Paralimpiya Komitəsinin prezidenti, Paralimpiya çempionu Oleq Kretsul və Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entoni Saynsbari Bakıya gəlib.

Şəxs Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək “Yenilməzlər” adlı beynəlxalq qala təqdimatda iştirak etmək üçün Bakıya dəvət olunub.

Təqdimatda Oleq Kretsulun da çıxışı olacaq. Kişinyovda doğulmuş 44 yaşlı rus əsilli idmançı 10 yaşında ikən cüdo ilə məşğul olmağa başlayıb.

Gəncliyində beynəlxalq cüdo və sambo turnirlərinin dəfələrlə qalibi olub. 16 yaşında yeniyetmələr arasında SSRİ çempionatında birinci yeri qazanıb, 21 yaşında isə cüdo üzrə beynəlxalq dərəcəli idman ustasının tələblərini yerinə yetirib. 1996-cı il Atlanta Olimpiya Oyunlarının iştirakçısıdır.

1997-ci ildə  keçirdiyi avtomobil qəzasında həyat  yoldaşı və qardaşı vəfat edib, özü isə aldığı zədələr nəticəsində görmə qabiliyyətini tamamilə itirib. Bir müddət sonra yenidən cüdoya qayıdıb, amma bu dəfə paralimpiyaçı kimi.

Paralimpiya hərəkatına qoşulduqdan sonra Oleq Kretsul 2004-cü il Paralimpiya Oyunlarında gümüş medal, 2008 Pekin Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. O, dördqat dünya və üçqat Avropa çempionudur, Əməkdar idman ustasıdır.

73 yaşlı Saynsbari isə beynəlxalq əlil arabasında Basketbol Federasiyasinin vitse-prezidenti olub. Böyük Britaniya yığmasının Paralimpiya Oyunlarında beş dəfə missiya rəhbəri olub.

2009-cu ildə yeddi görkəmli şəxsdən biri kimi Paralimpiya Orderinin mükafatçısı olub. “Bakı 2015” I Avropa Oyunları Komissiyasının üzvü kimi Atletlər kəndinin qurulmasında fəal iştirak edib. Hazırda Niderland Krallığında “İdman infrastrukturu və idmanın texniki planlaşdırılması” təşkilatının direktoru vəzifəsində işləyir.

Entoni Saynsbari Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2016-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə” fəxri diplomla təltif edilib.