Pandemiyadan sonra lüks bazarda nə qalacaq? Karantin bitdikdən sonra modapərəstlər yenidən əvvəlki dəbdəbəli həyatına qayıda biləcəkmi? Moda həftələri necə olacaq?
Moda tənqidçiləri, analitikləri və moda markalarının rəhbərləri dəb sənayesinin sonrakı vəziyyəti barədə proqnozlar verib.
Moda tənqidçisi, “Business of Fashion”ın köşə yazarı Anjelo Flakkavento
“İtaliyada moda sənayesi milli iqtisadiyyat üçün ikinci yerdədir və buna baxmayaraq dövlət bunu tanımağa tələsmir: moda indiki vəziyyətdən çox əziyyət çəkən sənaye siyahısına daxil edilməyib. İtaliya eyni zamanda qədim sənətkarlıq texnikalarının bənzərsiz istehsal proseslərinə çevrildiyi yeganə yerdir. Kiçik orijinal məhsulların istehsalına çox asanlıqla qayıda bilərik və bu da məni sevindirir. İtalyanlar üçün yaradıcılıq və ixtiraçılıq ən çətin vaxtlarda da dayanmayıb. 1950-ci illərdə, 1980-ci illərin əvvəllərində və s. Yaradıcılıq bitməyəcək və bu, indi də bizim milli sərvətimizdir.Corcio Armani, Pierpaolo Piccioli, Silviya Venturini Fendi, Ancela Missoni və digər dizaynerlərlə danışmışam, indi onların heç biri dincəlmir. Aşkar və qaçılmaz çətinliklərə baxmayaraq, yeni kolleksiyalar üzərində işləyirlər, işçilərlə video rabitə ilə əlaqə qururlar. Daha az xərclə və bütün əzmləriylə çalışırlar. Dizaynerlərin hər biri öz növbəsində əslində böhranın baş verməsindən razıdır, onlar hesab edir ki, bu, artıq olanlardan qurtulmaq, itirilmiş ruhu geri qaytarmaq, ağırlaşmış marketinqə və məkrli iqtisadiyyatın təsirinə son qoymaq üçün bir fürsətdir. İtalyan dizaynerlərin kolleksiyaları daha yığcam hazırlanacaq, lakin mesajları güclü olacaq.
Deyirlər ki, çətin günlər yaradıcılıq təxəyyülünün açılması üçün münbit zəmin yaradır. Pandemiya bizi əsas məqama yönəltməyə məcbur etdi: sağ qalmağa. Ancaq bu yolu keçdikdən sonra gözəlliyə ehtiyacımız olacaq: həyatda qalmaq üçün deyil, yenidən yaşamaq üçün. Bu baş verdikdə, sənaye dəyişə bilər: marketinq tələsindən qurtulun və əsl məqsədi yenidən gözəllikdə kəşf edin. Dürüstlükdə, səmimiyyətdə və yaradıcılıqda gözəllik axtarın… Gözəllik həqiqətən insan olmağın bir yolu olaraq qalır”.
“Gucci” moda evinin baş direktoru Marko Bidzarri
“Çox kədərli böhran ssenariləri var, amma hamımız dərisini dəyişən heyvanlar kimiyik. Hər şey kökündən dəyişməyəcək. Moda sevinc gətirməyin bir yoludur. Bəlkə də insanlar böhrandan sonra alış-verişdə daha düşüncəli davranacaq, 2001 və ya 2008-ci ildə olduğu kimi. Kolleksiyaların təqdim olunması yolları da dəyişə bilər: hələ də jurnalistlərin və markaların daha az səyahət edib-etməyəcəyini bilmirik. Ancaq moda yaradıcıdır, belə qalmalıdır, onu qorumalıyıq. Bu, bizi digər sektorlardan, məsələn sürətlə dəyişən tendensiyalardan fərqləndirən başlıca amildir”.
Moda tənqidçisi, “The Washington Post”un yazarı Robin Qiven
“Mövcud vəziyyəti heç nəylə müqayisə edə bilmirəm. Yayılması, dağınıqlığı və naməlumluğu ilə qorxudur. Ən yaxın müqayisə 11 sentyabr 2001-ci ilin nəticələri ola bilər. Hər şeyin necə sakitləşdiyini, bütün neqativ duyğuların söndüyünü xatırlayıram. Odur ki, ümid etməyi davam etdirirəm, başqa nə edə bilərik ki? Düşünürəm ki, baş verənlərə daha şüurlu yanaşmaq lazımdır: insanları diqqətlə dinləyin, çünki artıq səmimi söhbət etmək imkanı yoxdur. 11 sentyabr terrorundan sonra hamımıza lazım olanları yazmağa davam edirəm: gələcəyin daha parlaq olması və bu gələcəyi gözləməyi istəmək üçün”.
“Vogue” jurnalının yazarı Lük Liç
“Moda sistemini yenidən düzəltmək imkanınız olsa, onun daha sabit, səmərəli və sərfəli olması üçün nə edərdiniz? Sənayedəki durğunluq zamanı mütəxəssislərə belə bir sual verə biləcəyimiz platforma və ya mərkəz yaratmaq faydalı olardı. Aşağıdakı problemləri də nəzərdən keçirə bilərik. Moda şoularının (markaların özlərini tanıtması üçün ən bahalı marketinq üsulu) ən çox ticari mövsümlərdə – eyni vaxtda keçirilməsinin mənası varmı? İnsan bədənini qeyri-real olaraq təmsil edən trend sarsılmazdırmı? Qadın və kişi kolleksiyalarının fərqli vaxtlarda göstərilməsi vacibdirmi? Bəlkə topladığımız cavablar hamımızın birlikdə irəliləməyimiz üçün düzgün yol tapmağımıza kömək edə bilər”.
Moda tendensiyaları üzrə analitik Li Edelkort
“Biz qlobal iqtisadi böhranın astanasındayıq. Bu, sadəcə maliyyə böhranı deyil, dağıdıcı böhrandır. İnsanlar çölə çıxmır, ziyafətlərə və kafelərə getmir, pul xərcləməyi dayandırır, tətilə çıxmır, mədəni tədbirlərə, hətta kilsəyə gedə bilmir. Təəssüf ki, fəlakət tez nəticələnməyəcək. Ancaq virus nəzarət altına alındığı zaman insan əməyinə və iş şəraitinə böyük hörmətlə yanaşaraq tamamilə yeni sistem qurmalıyıq. Əl işi istehsalı çiçəklənməlidir, əl əməyi hər şeydən əvvəl dəyərləndirilməlidir. İndi biz kütləvi şəkildə istehlak karantinindəyik: bu müddət ərzində hətta sadə geyimdən ləzzət almağı və əlimizdə olanları yenidən kəşf etməyi öyrənməliyik”.