Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə yeni dislokasiya olunan bölmələrin hərtərəfli təminatının, sosial-məişət şəraitinin və tibb xidmətinin təşkili ilə bağlı həyata keçirilən tədbirlər davam edir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildrilib ki, Vətən müharibəsi başlayan gündən müxtəlif istiqamətlərdə yaradılan mobil səhra hospitalları bu gün də şəxsi heyətin sağlamlığının qorunması məqsədilə sutkaboyu fasiləsiz olaraq gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
Bundan əlavə, stasionar tibb məntəqələri inşa edilənədək isə bir neçə səyyar tibb qrupları da yaradılıb. Müxtəlif ixtisaslardan olan həkimlərdən təşkil edilən qruplar plana uyğun olaraq bölmələrdə olur, şəxsi heyəti müayinə edir, tövsiyələr verir, kompleks müalicəyə ehtiyacı olan hərbi qulluqçular hərbi tibb məntəqələrinə göndərilir.