Misir portalı: “Ermənistan Azərbaycana vurduğu maddi zərərə görə hüquqi məsuliyyət daşıyır”

0
299

Misirin “Aldiplomasy” informasiya portalında Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan və bu ərazilərdə mülki obyektləri, infrastrukturu və tarixi-mədəni abidələri dağıdan Ermənistanın hüquqi məsuliyyətinə dair məqalə dərc edilib.

Məqalədə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarını işğaldan azad edərək təcavüzkar dövləti cəzalandırdığı diqqətə çatdırılır. Vurğulanır ki, uzun illər Azərbaycanın təbii sərvətlərini talayan, yaşayış məntəqələrini və infrastruktur obyektlərini dağıdan, məscidləri təhqir edən Ermənistan bu əməllərinə görə hüquqi məsuliyyət də daşıyacaq. Qeyd olunur ki, 30 il işğal altında qalmış Azərbaycan ərazilərində 155 faydalı qazıntı yatağı, o cümlədən Zəngilan və Kəlbəcərdə qızıl mədənləri ermənilər tərəfindən qanunsuz olaraq istismar edilib. Təxmini hesablamalar göstərir ki, Ermənistan işğal etdiyi hər bir Azərbaycan rayonuna 6-8 milyard dollar ziyan vurub. Ümumi zərər isə yüz milyardlarla ölçülür.

Məqalədə bildirilir ki, Birinci və İkinci Dünya müharibələrindən, habelə Körfəz müharibəsindən sonra vurulmuş zərərin təzminatla ödənilməsi təcrübəsi mövcuddur və Azərbaycan hökuməti də bunları əsas tutaraq beynəlxalq məhkəməyə müraciət edəcək.