Miniatür kitabların nəhəng sehri: Bakıda Ginnesin Rekordlar Kitabına düşən muzey – REPORTAJ

0
562

İçərişəhərin gözəlliyi turistləri Bakıya aşiq edir. Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən binalar, muzeylər, onların tarixi buraya gələn qonaqları düşündürür.

Bu gün sizi düşünməyə vadar edəcək daha bir maraqlı muzeylə tanış edəcəyik. Söhbət “İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən və dünyadakı ilk Miniatür Kitab Muzeyindən gedir.

Bu muzey 2002-ci il aprel ayının 23-də təsis edilib. XIV əsrin möhtəşəm memarlıq abidəsi olan Şirvanşahlar Sarayının yaxınlığında yerləşir.

Ginnesin Rekordlar Kitabına daxil edilən Miniatür Kitab Muzeyində sərgilənən nümunələr ənənəvi kitablardan çox fərqlənir və hər gün onlarla ziyarətçi qəbul edir.

Muzeydə dünyanın 70-dən çox ölkəsində nəşr edilmiş kitablar sərgilənir. Kitablar ölkələr üzrə rəflərə bölünüb və rəflərin üzərinə nəşr olunduğu ölkələrin bayraqları vurulub. İlk baxışda bu qədər kitabı, onlar haqqında məlumatı yadda saxlamaq çətin gəlir. Amma muzeydə çalışan əməkdaşlar bu rəflər barədə hər şeyi əzbər bilir. İllərdir bu muzeydə çalışan xanım bu kitabların hər biri barədə məlumatı gün ərzində, bəlkə də, 50 dəfə təkrar-təkrar danışdığını deyir.

Muzeyin təsisçisi və yaradıcısı, Respublika “Kitab” Cəmiyyətinin idarə heyətinin sədri, Əməkdar incəsənət xadimi Zərifə Salahovadır. Zərifə xanım bu muzeyin yaradılması üçün ömrünün 30 ildən çoxunu miniatür kitabların toplanmasına sərf edib:

“Burada gördüyünüz kitabların çoxunun maraqlı tarixçəsi var. Bu gün muzeyə gələn ziarətçilər, kitablarla maraqlanan insanlar məni sevindirir. 30 ildən artıq müddətdə formalaşmış kolleksiya dayanmadan yeni nümunələrlə zənginləşir. Kitabların sayı ilbəil artır. Bildiyiniz kimi, muzeyimiz Ginnesin Rekordlar Kitabına daxil edilib. Bu nəticəni əldə etmək heç də asan olmayıb.

Muzeyimizdə ulu öndərimiz Heydər Əliyevin fəaliyyətini əks etdirən miniatür kitablardan ibarət guşə də var”.

Muzeydə gəzərkən bir anda insanın ağlına “Alisa möcüzələr adasında” filmi gəlir. Həqiqətən də, bu ölçüdə kitabların olması, onun nəşri, toplanması və sərgilənməsi çox böyük zəhmət tələb edir.

Ən kiçik kitab 22 səhifəlik 0,75×0,75mm ölçüdədir. Mikrokitab Yaponiyada çap olunub.

Muzeydə 39 şüşə vitrində dünyanın 70-dən çox ölkəsindən – Fransa, Kanada, Almaniya, Yaponiya, Ukrayna, Belarus, Moldova, Orta Asiya, Gürcüstandan, Böyük Britaniyadan olan yazıçıların əsərlərindən ibarət 5750 miniatür kitab nümayiş etdirilir.

Mərkəzin Naxçıvan, Gəncə, Şəkidə olmaqla, üç filialı var və ümumilikdə doqquz minə yaxın kitab kolleksiyası mövcuddur.

Burada ən nadir eksponatlar Yaponiyanın Tokio şəhərindəki “Toppan” nəşriyyatında buraxılmış dörd mikrokitab (onlardan biri 0,75×0,75mm formatında, üçü 2×2 mm formatındadır), habelə Almaniyada hazırlanmış dörd mikrokitab (bu nəşrlərdən biri 2,0×2,9 mm formatında, qalan üçü 3,5×3,5mm formatındadır).

Muzeydə görkəmli siyasi xadim Heydər Əliyevin fəaliyyəti, Zərifə Əliyevanın elmi fəaliyyəti ilə bağlı miniatür kitablardan ibarət guşə var.

Bununla yanaşı, ölkə başçısı İlham Əliyevin bir çox dünya ölkələrinin rəsmi nümayəndələri ilə görüşündən, eləcə də, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətini əks etdirən mikrokitabları görmək olar.

Məkana daxil olan zaman siz tam fərqli bir dünyaya ayaq basmış olursunuz.

Burada Nizami Gəncəvi, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Xurşidbanu Natavan, Səməd Vurğun, Bülbül kimi klassiklərin əsərləri var.

Bundan əlavə, dini mövzuda kitablar, habelə rus, sovet və xarici ölkələrin klassikası sərgilənir.

Muzeydə saxlanılan miniatür kitab nüsxələrindən böyük əksəriyyətinin ölçüləri 75×75 mm və ya 100×100 mm-dən çox deyil.

Kolleksiyada ən qədim nümunə XVII əsrə aid iki ədəd “Qurani-Kərim” kitablarıdır.

Ümumilikdə 2014-cü ildə kolleksiyadan 2913 kitab Ginnesin Rekodlar Kitabına salınıb. Zərifə Salahovaya “Guinness World Records” sertifikatı təqdim edilib.

Qeyd edək ki, bu gözəl muzeyə giriş pulsuzdur. Ziyarət etmək istəyən şəxslər bütün dünyadan toplanan geniş kitab kolleksiyasına pulsuz baxa bilərlər.

Xatırladaq ki, bundan əvvəl miniatür kitabların ən böyük kolleksiyası Nikuncu R.Vaqadinin kolleksiyası hesab edilirdi. Bu şəxs 258 adda müxtəlif miniatür kitab toplamağa müvəffəq olub.

İlham Əliyevin sərəncamı ilə Azərbaycanda kitab mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Zərifə Salahova “Şöhrət” ordeni ilə təltif edilib.