““Mini Cooper”i qazananda ərinin həyətdə ürəyi getdi” – Video

0
339
““Mini Cooper”i qazananda ərinin həyətdə ürəyi getdi”

Son illər instaqram platformasında “Giveaway” adlı yarışlar geniş yayılıb. Sözügedən marketinq kampaniyasından influenser, bloqer, qısası sosial şəbəkələrdə populyar və daha çox izləyiciləri olan şəxslər istifadə edir. 

İnstaqram fenomenləri yarışmaya qoşulan izləyicilərinə ev, avtomobil, mobil telefon və bir çox digər qiymətli hədiyyə vəd edir. Nə qədər əlçatmaz görünsə də, bu günədək sözügedən hədiyyələri qazananlar da az deyil.

Lakin tez-tez həmin oyunlarla bağlı sosial şəbəkələrdə narazılıqlar səsləndirilir, şəffaf keçirilmədiyinə dair fikirlər irəli sürülür. Buna səbəb də bir neçə populyar simanın qalibi seçərkən saxtakarlığa yol verməsi olub. Sonuncu dəfə belə bir məsələ ilə Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyeva gündəmə gəlib. Aynişan bu məsələdə təşkilatçıları təqsirli bilsə də, sözügedən yarışmadan sonra izləyicilərin ona etibarı müəyyən qədər azalıb.  

“Qafqazinfo” sosial şəbəkələrin gündəmini zəbt edən mövzu ilə bağlı ən böyük məbləğli “Giveaway”lərə imza atan influenserlərlə görüşüb.

1 milyon 400 mindən çox izləyicisi olan və hesabı instaqram şirkəti tərəfindən tanınaraq təsdiqlənmə işarəsi verilən Aysel Şükür “Giveaway” yarışlarına ilk başlayanlardandır. O deyir ki, oyunlarda əvvəlcə uduşa öz geyimlərini qoyub, daha sonra iki ev və maşınlar hədiyyə verib:

“İlk “Giveaway” keçirənlərdən biri mənəm. Əvvəllər hədiyyə olaraq oyuna öz geyimlərimi qoyurdum. Nikah, xına paltarlarımı… Qalibləri də səhifəmdə paylaşırdım. Yarışda maşın, ev hədiyyə verirdim. Birinci boya-başa çatdığım evi oyuna qoymuşam, naxçıvanlı xanım qalib seçilib. Digər həyət evimi də qazanan xanım oldu. Bu mükafatları verməkdə məqsədim odur ki, izləyicilərim məni daha yaxından tanısın, sevsinlər. Mən də görsəm ki, kimsə belə jestlər edir, sevinərəm. Onsuz da dünya malı dünyada qalacaq. Bu sahədə rəqibim yoxdur. Rəqib olmaq üçün eyni səviyyədə olmaq lazımdır. Heç kimlə rəqabət aparmıram, heç kim də mənimlə rəqabət apara bilməz. Çünki uduzan onlar olar. Son zamanlar çox saxtakarlıq edənlər oldu. Özləri özlərini biabır, ifşa etdi. Bu hadisələrdən sonra daha çox həvəsə gəldim. Müraciət etdim ki, seçimlərdə kim istəsə iştirak etsin, hətta qalibi onun telefonundan seçək! Mən Elmira Namazova ilə birgə 25 saatlıq “Giveaway” etmişik. Bu rekordu yeniləyən yoxdur”. 

İnstaqram hesabında 900 mindən çox izləyicisi olan, keçirdikləri yarışda biznes, bahalı avtomobillər və külli miqdarda pul qazanmaq şansı təklif edən Elmira və Tural Namazovlar deyir ki, bu günə kimi “Giveaway” vasitəsilə “Galenwagen”, “Porsche”, “Hummer”, “BMW” və bir çox məşhur markalı avtomobili oyuna qoyublar: 

“Ən bahalı hədiyyəmiz “Galenwagen”dir. Bu günə kimi üç “Galenwagen” hədiyyə etmişik. Uduşda “Porsche” də olub. Hazırda “Hummer” uğrunda mübarizə gedir. Növbəti oyunda uduşa qoyacağımız “Hummer”i də artıq almışıq. İlk bahalı yarışımızda uduşa “Wrangler” qoyulub. Həmçinin uduşa qoyduğumuz “Audi” markalı avtomobili qazanan da var. “BMW” markalı maşını uduşa qoymuşduq. Bizim izləyicilərimizin, oyunda iştirak edənlərin 99 faizi qadınlar olduğu üçün uduşa “Mini Cooper” avtomobilini qoyuruq. Həmin maşın xanımlar tərəfindən sevilən ulduz bir avtomobildir. 10 “Mini Cooper” yarışı etdik, hamısı da reytinq verdi. Təbii ki, işlənməmiş avtomobil almırıq. İnşallah, sponsor qiymətləri yüksək olar, o zaman yeni maşınlar alarıq. Misal üçün, 4-5 “Mini Cooper” almışıq, yayda hədiyyə verəcəyik. Bu, bizim işimizdir. Qoyulan hədiyyələrin pulu rahat şəkildə çıxır. Ümumi olaraq bir məbləğ qazanılır”. 

Elmira Namazovanın sözlərinə görə, onlar üçün əsas məsələ oyun iştirakçılarının inamını qazanmaqdır: “Hər dəfə çalışırıq ki, insanlara oyunda daha şəffaf olduğumuzu göstərək. Düşündük ki, qaydalara əməl edən iştirakçıların siyahısını çıxaraq. Həmin siyahını paylaşırıq ki, hər bir oyunçu adını orada görsün. O zaman bilirlər ki, adı hansı nömrə altında yarışacaq. Tural (həyat yoldaşı- red) App Store-dən bir proqram tapdı, adı “Pretty Random”dur. Bunu “Random.org” portalı ilə səhv salanlar var. “Random.org” çox rahat bir saytdır və ona müdaxilə etmək mümkündür. Hansı ki, biz heç vaxt o saytdan istifadə etməmişik. Bizimki “Pretty Random” proqramıdır. Hər oyun zamanı silib, yenidən yükləyirik ki, şəffaflıq olsun. Bəzən o proqramın oxşarını yaradıb yükləyirlər. Baxırsan ki, dizaynı eynidir, lakin işləmə vəziyyəti başqadır və müdaxilə etmək rahatdır. İstəyən hər kəs canlı yayımda qalibi seçən zaman yanımızda ola bilər. Məqsədimiz oyunun tam şəffaf keçirilməsini təmin etməkdir. Bir çox qalibimiz yadımdadır. Bir qadının yoldaşının vəziyyəti yaxşı deyildi, fəhlə çalışırdı, boynunda yanıq var idi. Əməliyyat olunmalı idi. “Mini Cooper” qazandılar, xanımın yoldaşı maşını həyətdə görən zaman ürəyi getmişdi. “Galenwagen” qalibimiz isə hələ də maşını Sabirabadda sürür və rayon sakinləri bizə yazır ki, hazırda evimizin qarşısından keçdi və oyuna daha həvəslə qatılırıq”. 

İnstaqramda 554 min izləyicisi olan və “Leila Land” kimi populyarlaşan moda bloqeri Leyla Hüseynova artıq 1 yaşlı qızı Emilinin səhifəsində də “Giveaway” keçirildiyini bildirib:

“İnstaqram çox vəfasızdır. Tez-tez paylaşım etməsən, unudulursan, dəbdən düşürsən. Bizə yazırlar ki, bloqerlər bütün günü restoranlarda oturur, yeyib-içirlər. Əslində belə deyil! Bundan əlavə, biz yeməkləri ancaq soyuq yeyirik. Çünki onu çəkib paylaşana kimi isti yemək soyuyur, buz olur(gülür). Hərdən oturduğumuz yerdə saat çalır, yadımıza salırıq ki, paylaşım etmək lazımdır. Bir yaşlı qızımız Emilinin səhifəsində hazırda “Giveaway” oyunu keçirilir. Əvvəllər o hesab İqo (həyat yoldaşı) və mənim cütlük səhifəm idi. Daha sonra düşündük ki, o səhifəni Emili üçün açaq. Əlbəttə, onun səhifəsini gəlir mənbəyi kimi görmürük. Həmin hesabda oyun keçirildiyi üçün onun adı hallanır”.  

Hazırda instaqramda 456 mindən çox izləyicisi olan İqo (İqaməddin) Hüseynov həm influenser, həm də model kimi fəaliyyət göstərir. O, son vaxtlar “Giveaway” oyunlarını keçirmək qərarına gəldiyini deyir: 

“Əvvəllər “Giveaway” oyunu keçirmirdik. Son zamanlar yarışlar keçirmək qərarına gəlmişik. İzləyicilərimi düşünüb belə etmək istədim. Onlar nələrsə qazanmaq istəyir. Uduşa mobil telefonlar, hədiyyələr və pul mükafatı qoyuruq. Bizim qazanclarımız sosial mediadan gəlir. Bu səbəbdən hesabımızı aktiv saxlamalıyıq. Statistikanın yüksək qalması üçün aktivlik yarışları keçiririk. Qaliblərə hədiyyələr, pul mükafatı veririk. Büdcə özümüzdən xərclənir. Qazancımız sadəcə olaraq səhifəmizin aktivliyi olur. Həyat yoldaşım influenser olaraq çalışırdı. Evləndikdən sonra bizə maraq artdı. Ortaq izləyicilər oldu. Onlara bizim hər addımımız daha maraqlı gəldi. Təəssüflər olsun ki, Azərbaycanda kişi influenserlər çox azdır. Xanımların sayı bizdən çoxdur. Və onların aktivliyi yüksəkdir, rəy yazmaq, fikir bildirmək asandır. Bəyləri isə izləyirlər, adi bir “like” belə etmirlər. Tutaq ki, qızımla foto paylaşanda bəyənmə sayı çox, öz fotolarımı paylaşanda nisbətən az olur. Bu aktivliyi qoruyub saxlamaq çox çətindir. Bu səbəbdən daha çox aktivlik oyunları keçirirəm”.