Qaradağ postunda sərnişin avtobusunun sürücüsü saxlanılıb. Məlum olub ki, sürücü narkotik vasitələrin təsiri altında avtobus idarə edir.
Belə ki, hadisə dekabrın 13-ü baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidmətinin əməkdaşları Qaradağ postu ərazisində 90-FL-403 dövlət nömrə nişanlı, “Mercedes-Benz” markalı iritutumlu marşrut avtobusunu saxlayıb. Məlumata görə, sürücü İ.Hidayətov YPX əməkdaşlarında şübhə doğurduğu üçün həkim müayinəsindən keçirilib.
Bu zaman sürücünün narkotik vasitələrin təsiri altında avtobusu idarə etdiyi məlum olub. Söhbət zamanı sürücü etiraf edib ki, toyda içkili vəziyyətdə narkotik vasitə qəbul edib və yola çıxıb. Yol polisi əməkdaşları tərəfindən sürücüyə bu əməlin ictimai təhlükəsi izah edilib. Həmçinin bu vəziyyətdə sərnişinlə dolu avtobusu idarə etməyin təhlükəli olduğu bildirilib.
Sürücü İ.Hidayətov barəsində toplanmış materiallar aidiyyəti üzrə Qaradağ rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə o İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətində inzibati qaydada həbs olunub.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Oxu.Az-a açıqlamasında bildirib ki, 2021-ci ilin doqquz ayı ərzində Baş DYP İdarəsinin YPX Alayı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 650 sürücünü aşkar edib:
“Təkcə bir ay ərzində 150-dən çox analoji hal aşkarlanıb. Təbii ki, bunun ictimai təhlükəsi böyükdür və yol polisi bu istiqamətdə mübarizə tədbirlərini gücləndirməkdə davam edir”.
“Daşıyıcı şirkətlər, fiziki və hüquqi şəxslər bu məsələdə diqqətli olmalıdır. Sürücüləri qəbul edən zaman mütləq onlar müayinədən keçirilməlidir. Həmçinin reysqabağı tibbi müayinə olunmalı və belə neqativ hallar olmamalıdır. Hər kəs öz məsuliyyətini dərk etməlidir”.