Milyarder 79 yaşında vəfat etdi

0
526
Dünyanın ən varlı insanlarından biri olan milyarder Devid Koç 79 yaşında vəfat edib.
Bu barədə onun qardaşı Çarlz Koç məlumat yayıb.
O, kiçik qardaşı Devid Koçun prostat xərçəngi ilə uzun sürən mübarizədən sonra vəfat etdiyini deyib.
“Onun üçün çox darıxacağıq, o, heç vaxt unudulmayacaq”, Çarlz Koçun açıqlamasında bildirilib.
Devid Koç 1940-cı ilin mayın 3-də anadan olub. O və qardaşı Çarlz Massaçusets Texnologiya İnstitutunda təhsil aldıqdan sonra atasının “Koch Industries” şirkətində karyerasına başlayıb. Atalarının ölümündən sonra Devid qardaşı Çarlz ilə birlikdə neft emalı, gübrə, polimer, lif və meşə sənayesinə yatırımlar qoyaraq şirkətin sərhədlərini xeyli genişləndirib.
Devid Koç siyasi həyatda fəal iştirak edib, o, Respublikaçılar partiyasının namizədlərinin seçki kampaniyalarına güclü dəstək verib.
“Forbes”in 2018-ci ilin iyun ayında təqdim etdiyi statistikaya görə, var-dövləti 51 milyard dollar dəyərində olan Devid Koç dünyanın ən varlı adamları siyahısında 11-ci yerdə idi. “Bloomberg”in 2019-cu ilin avqust ayına olan hesablamalarına görə isə Çarlz və David Koçun sərvəti 124,5 milyard dollar təşkil edib.
Qeyd edək ki, Devid Koç səhhətinin pisləşdiyini əsas gətirərək 2018-ci ilin iyununda iş və siyasi fəaliyyətini dayandırmışdı.